Xəbərlər
Azərbaycan-Almaniya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, artan rolu göz qabağındadır. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Almaniyaya rəsmi səfəri bütün bu məqamlara bir daha işıq saldı. Münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür. Bu mühüm məqamı da qeyd edək ki, bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın. “Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm” deyən cənab İlham Əliyev qeyd etdi ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib: “Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir”.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Almaniya Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələr üzrə tərəfdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur.
