YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Almaniya rəsmi səfərdə oldu. Azərbaycan-Almaniya strateji tərəfdaşlığı əslində ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi davamıdır. Azərbaycan artıq ABŞ və Çin ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə davam edir, eyni zamanda, Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. İtaliya ilə strateji tərəfdaşlıqdan sonra Almaniya ilə də belə bir mühüm sənədin imzalanması Azərbaycanın Avropanın iki aparıcı sənaye və iqtisadi dövləti ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini nümayiş etdirir. Bu faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni siyasi və iqtisadi tərəfdaşlıqların formalaşmasına, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir.

Berlində imzalanan ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik haqqında Birgə Bəyannamə Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi oldu. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu strateji sənəd Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin Almaniyaya  rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın real miqyasını göstərir. Bakı və Berlin arasında qurulan bu strateji körpünün təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya coğrafiyasının enerji, nəqliyyat təhlükəsizliyinə və siyasi sabitliyinə xidmət edən uzunmüddətli strategiya olduğu aydın görünməkdədir. Dövlətimizin başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə mətbuata bəyanatında bildirdi ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Cənab İlham Əliyev, həmçinin diqqəti Azərbaycan-Avropa İttifaqı əlaqələrinə yönəldərək bildirdi ki, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.