Xəbərlər
Almaniya Azərbaycanın regionda liderliyini yüksək qiymətləndirir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Cənubi Qafqazın iqtisadi və siyasi güc mərkəzi olan Azərbaycan ilə Avropa İttifaqının (Aİ) aparıcı hərəkətverici qüvvəsi olan Almaniya arasındakı bu yüksəksəviyyəli təmaslar, sadəcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Avrasiya məkanındakı strateji dialoqun yeni mərhələsini rəsmiləşdirir. Berlində Prezident Frank-Valter Ştaynmayer ilə aparılan müzakirələr regional təhlükəsizlik, Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində tərəflərin mövqelərinin yaxınlığını növbəti dəfə nümayiş etdirdi. Almaniya tərəfi Azərbaycanın regionda sülh gündəliyinin formalaşdırılması sahəsindəki səylərini və lider rolunu yüksək qiymətləndirir. Federal Kansler Fridrix Merts ilə keçirilən geniştərkibli danışıqlar siyasi münasibətlərin iqtisadi müstəviyə uğurlu transformasiyasını sürətləndirdi. Kanslerin bəyanatlarında səslənən fikirlərdən bir daha aydın olur ki, Berlin rəsmi Bakını təkcə regional tərəfdaş deyil, həm də Avropanın enerji və logistika təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir. Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş isə alman işgüzar dairələrinin Azərbaycana yönələn investisiya marağının konkret yol xəritəsinə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Prezident İlham Əliyevin Federal Kansler Fridrix Merts ilə mətbuata bəyanatları iki ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. “Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Bu gün Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı Siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi” söyləyən Federal Kansler Fridrix Merts vurğuladı ki, bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik.
Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.
Səfər çərçivəsində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərin siyasi və institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Qeyd etdiyimiz kimi, strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsindəki əməkdaşlıqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə fonunda Almaniya ilə enerji dialoqunun genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi, təbii qaz tədarükünün artırılması ilə yanaşı, bərpaolunan enerji və yaşıl enerji sahələrində yeni layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır. Bütün bu məsələlər Birgə Bəyannamədə öz əksini tapıb.
Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkənin münasibətlərində yeni mərhələ kimi diqqətdədir. Berlin ilə qurulan yeni tərəfdaşlıq modeli Azərbaycanın iqtisadi şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmlənməsinə fundamental töhfə verəcək.
