Xəbərlər
Azərbaycan-Almaniya əlaqələri uğurla inkişaf edir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Qlobal geosiyasi və geoiqtisadi nizamın yenidən formalaşdığı müasir dövrdə Azərbaycanın xarici siyasət strategiyası milli maraqların təmin olunması, regional liderliyin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlıq coğrafiyasının genişləndirilməsi prinsiplərinə söykənir. Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin gələcək vektorunu müəyyən edən institusional təməllərdir. Bu sənədlər iki ölkə arasında yeni imkanlar pəncərəsi açır. Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən imzalanan Strateji Gündəliyə dair Birgə Bəyannamə tərəfdaşlığı keyfiyyətcə yeni, strateji müstəviyə yüksəldir. Bəyannamə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyinə sadiqliyini təsdiqləməklə yanaşı, innovasiya, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və iqlim dəyişikliyinə qarşı mübarizə kimi qlobal çağırışları hədəf alır.
Azərbaycan-Almaniya Biznes Şurasının Yaradılması isə dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq reallaşan bu addım hər iki ölkənin özəl sektor təmsilçiləri üçün birbaşa və çevik dialoq platforması yaradır. Bu şura alman texnologiyalarının və investisiyalarının Azərbaycana cəlb edilməsi mexanizmini institusionallaşdırır.
Birgə Bəyannamədə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, nazirlər arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu mexanizmlər münasibətlərin davamlı və sistemli inkişafını təmin edəcək. Enerji sahəsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Lakin yeni sənəd bu əməkdaşlığı ənənəvi qaz ixracı ilə məhdudlaşdırmır. Yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri və iqlim gündəliyi əməkdaşlığın yeni prioritetləri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Almaniyanın enerji keçidi strategiyasında mühüm tərəfdaş kimi rolunu gücləndirir və ölkəmizin yaşıl iqtisadiyyata keçid istiqamətində reallaşdırdığı siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirir.
İqtisadi əməkdaşlıq da yeni məzmun qazanır. Sənəddə ticarət dövriyyəsinin artırılması ilə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, logistika, nəqliyyat bağlantıları və davamlı iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Almaniyanın yüksək texnologiyalar və innovasiya sahəsində təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə siyasəti ilə uzlaşır və yeni imkanlar yaradır.
Dövlətimizin başçısı İlham Əliyevin Berlində Prezident Frank-Valter Ştaynmayer ilə apardığı müzakirələr regional təhlükəsizlik, Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində tərəflərin mövqelərinin yaxınlığını növbəti dəfə nümayiş etdirdi. Almaniya tərəfi Azərbaycanın regionda sülh gündəliyinin formalaşdırılması sahəsindəki səylərini və lider rolunu yüksək qiymətləndirir. Federal Kansler Fridrix Merts ilə keçirilən geniştərkibli danışıqlar siyasi münasibətlərin iqtisadi müstəviyə uğurlu transformasiyasını sürətləndirdi. Kanslerin bəyanatlarında səslənən fikirlərdən bir daha aydın olur ki, Berlin rəsmi Bakını təkcə regional tərəfdaş deyil, həm də Avropanın enerji və logistika təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir.
Cənab İlham Əliyev Federal Kansler Fridrix Merts ilə mətbuata bəyanatında Azərbaycan-Almaniya münasibətlərinin dünəninə, bu gününə baxış əsasında bir daha bu əminliyi ifadə etdi ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.
Həmçinin vurğulandı ki, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqlar kontekstində Avropanın və xüsusilə onun iqtisadi lokomotivi olan Almaniyanın Cənubi Qafqaza baxışındakı köklü transformasiyanın əyani təzahürüdür. Qlobal böhranlar, enerji təhlükəsizliyi çağırışları fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə yüksəldir.
