Xəbərlər
“Zəfər tarixi yazan Qalib Azərbaycan əsgəri”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Qızılağac ərazi partiya təşkilatında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “Zəfər tarixi yazan Qalib Azərbaycan əsgəri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev iştirakçıları Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. O qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyətə son qoyulması, nizami ordunun formalaşdırılması və ordu quruculuğu sahəsində əsaslı islahatların həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bildirilib ki, Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
Qeyd olunub ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Azərbaycan Ordusunu regionun ən güclü hərbi qüvvələrindən birinə çevirib. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib və xalqımızın çoxillik arzularını gerçəkləşdirib.
Tədbirdə çıxış edən Qızılağac ərazi partiya təşkilatının sədri Şamil Məmmədov və digərləri Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə həyata keçirilən islahatlardan və Ordumuzun qazandığı uğurlardan bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək hərb tariximizin yeni və şanlı salnaməsini yazıb.
