Xəbərlər
YAP Nizami rayon təşkilatının gəncləri Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gəncləri və könüllüləri Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində iştirakçılara muzeyin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb və iki mərtəbədən ibarət ekspozisiyası ilə Azərbaycanın zəngin hərb tarixini, hərb sənətinin müxtəlif dövrlərini və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri əks etdirir.
Gənclər muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotoşəkillər, sənədlər və şəxsi əşyalarla tanış olublar. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinə aid hərbi geyim nümunələri, ordu quruculuğu istiqamətində görülmüş işləri əks etdirən materiallar və tarixi eksponatlar böyük maraq doğurub.
Muzeydə nümayiş etdirilən qədim dövrlərə aid silah nümunələrindən başlayaraq, müasir Azərbaycan Ordusunun arsenalında yer alan silah və texnikaların maketləri və real nümunələri ziyarətçilərin diqqətini cəlb edib.
Ekskursiya zamanı gənclər və könüllülər muzeyin açıq hava ekspozisiyası ilə də tanış olublar. Burada sərgilənən hərbi texnikalar, o cümlədən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun idarə etdiyi tankların maketləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Muzey əməkdaşı tanklar, piyadaların döyüş maşınları (PDM), kəşfiyyat-döyüş maşınları (KDM), təyyarə və helikopterlər, hava hücumundan müdafiə vasitələri, Hərbi Dəniz Qüvvələrinin silah və sursatları, gəmilər, eləcə də artilleriya və zenit qurğuları barədə ətraflı məlumat verərək ziyarətçilərin suallarını cavablandırıb.
