YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistan-Azərbaycan münasibətləri qədim tarixə söykənir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də ölkəmizə ilk dövlət səfəri bir daha iki ölkənin münasibətlərinin keçdiyi inkişaf yolunun təqdimatı oldu.

Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dövlətimizin başçısı İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşlərində hazırda qlobal gündəlikdə olan məsələlərə - nəqliyyat və enerji təhlükəsizliyinə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan və Türkmənistan həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynayır, bu rol gələcəkdə daha da artacaq. Cənab İlham Əliyev onu da qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.

Görüşlərdə, həmçinin mətbuata bəyanatlarında diqqət göstərilən məsələlərdən biri təbii ki, Türkmənistanın işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işlərinə dəstəyi oldu. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi.

Türkmənistanla Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx əlaqələrin qurulması, yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin uğurlu inkişafında mühüm rolu əsaslı şəkildə diqqətə çatdırıldı.  Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ötən il türkmən xalqının Milli Liderinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkmənistana səfərlərini xatırladaraq, bu görüşlərin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdiyini bildirdi. Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd etdi, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirdi. Xəzər dənizi ilə bağlı əməkdaşlığa diqqət yönəldən Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirdi.

Azərbaycan-Türkmənistan münasibətlərinin qısa təhlili bu əminliyə əsas verir ki, iki ölkənin əlaqələrinin gələcəyi parlaqdır.  Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin yeni əməkdaşlıq istiqamətlərinin formalaşması artıq reallıqdır.