Xəbərlər
Zərdabda Milli Qurtuluş Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşun işığında Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Zərdab şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas olub, hüquqi-demokratik dövlət quruculuğunun əsası qoyulub, iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib.
Bildirilib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dövlətimizin davamlı inkişafının, beynəlxalq nüfuzunun artmasının və xalqımızın rifahının möhkəmlənməsinin təməlini təşkil edən əlamətdar tarixdir. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz regionun ən güclü dövlətlərindən biri kimi mühüm nailiyyətlər qazanır.
Tədbirdə çıxış edən partiya fəalları Nisə Əhədova, Şamo Hüseynov, Şahsənəm Alışanova, Əvəz Soltanov, Nurlana Cəlilova və Cəlal Məcidli Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik olduğunu bildirərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, qətiyyətli siyasi iradəsi və uzaqgörən rəhbərliyi sayəsində ölkədə sabitlik və tərəqqi dövrünün əsası qoyulub. Natiqlər vurğulayıblar ki, Milli Qurtuluşdan başlanan inkişaf prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirilərək Azərbaycanın qüdrətinin, beynəlxalq nüfuzunun və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
