YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçiliyimizin, azadlığımızın qurtuluş günü

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

28 May Müstəqillik Günü xalqımızın azadlıq idealının və dövlətçilik iradəsinin dünyaya bəyan edildiyi şərəfli tarixdir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqilliyimizi dünya tanıdı. Lakin bu sevinc uzun sürmədi. Cəmi iki ildən sonra imperiya cəlladlarının işğalı nəticəsində dövlət müstəqilliyimiz əlimizdən alındı. Ötən əsrin sonlarında Azərbaycan yenidən azadlığına qovuşdu, müstəqil dövlət kimi dünya xəritəsinə qayıtdı. Ancaq bu dəfə də dövlətçiliyimiz ağır sınaqlarla üzləşdi, müstəqilliyimizin taleyi təhlükə altına düşdü. Xalqın və dövlətin taleyinin həll olunduğu həmin mürəkkəb günlərdə 15 iyun tarix səhnəsinə çıxdı və Milli Qurtuluş Günü kimi yaddaşlara həkk olundu.

15 iyun 28 mayın bizə bəxş etdiyi müstəqilliyin qorunmasının, dövlətçiliyimizin xilasının və gələcəyə daşınmasının zirvə nöqtəsi oldu.

Əgər 28 may müstəqilliyimizin doğum günüdürsə, 15 iyun onun xilası, yaşaması və əbədiliyinin təmin olunduğu gündür.

Xalqımızın milli lideri Heydər Əliyev 10 mayda doğulmuşdu, 15 iyunda yenidən Azərbaycan üçün doğuldu və müstəqil ölkəmizi tufanlar, fırtınalar içindən çıxararaq heç vaxt unudulmayacaq qurtuluş tarixini yazdı.

Bu fədakarlığı, qəhrəmanlığı, böyüklüyü xalqın içindən çıxan liderlər göstərə bilərdi. Böyük Heydər Əliyev bütün çətinliklərə sinə gərərək azadlığımızı bizə qaytardı, 15 iyunu 28 mayın xilaskarı etdi.

15 iyun bir həqiqəti təsdiq etdi ki, Heydər Əliyevsiz Azərbaycan məşəqqətlər, faciələr yaşadı. Xalqımızın Heydər Əliyev kimi övladı olmasaydı miskin həyat bizi qapıda gözləyirdi. Həmin mürəkkəb dövrdə xarici və daxili düşmənlərin tribunasına, pozuculuq plasdarmına çevrilmiş ölkəmiz xaosa meydan vermişdi. Avantüristlərin hakimiyyəti zəbt etməsi, yarıtmaz fəaliyyətləri Azərbaycanı uçuruma sürükləyirdi. Məsuliyyətsiz idarəetmənin acı mənzərəsi kimi işsizlik, sosial böhran və humanitar fəlakət həmrəyliyi sarsıtmış, vətəndaş müharibəsi təhlükəsini gündəmə gətirmişdi. Ölkədə kriminal vəziyyət o həddə çatmışdı ki, ictimai sabitlik demək olar ki, pozulmuşdu. Hərc-mərcliyin fonunda düşmən torpaqlarımızı işğal edir, dövlət idarəçiliyi isə daxildə parçalanma və qarşıdurmalarla üz-üzə qalırdı. Belə bir vəziyyət ölkəni dərin böhrana və təhlükəli vəziyyətə aparırdı. Məqsədli şəkildə qızışdırılan separatizm alovu isə dövlətin təməl prinsiplərini sarsıdır, milli birliyə zərbə vurur, ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoyurdu. Dövlətçiliyin əsaslarına yönələn bu təhdidlər Azərbaycanın gələcəyini ciddi təhlükə altına salmışdı. Ölkəni bu fəlakətli vəziyyətdən çıxarmaq möcüzəyə bərabər sayılırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev uzaqgörən siyasəti, möhkəm siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı uçurumun kənarından geri çəkərək dünyanın diqqət mərkəzinə çıxardı.

Xalqın milli həmrəyliyinə nail olan Ulu öndər asayişi bərpa etdi, cinayətkarlıqla mübarizəni intensivləşdirdi, dövlət idarəçiliyini möhkəm hüquqi-siyasi əsaslar üzərində yenidən quraraq ölkədə sabitlik və inkişaf mühitinin formalaşmasına nail oldu. Vətəndaş cəmiyyətinin formalaşdırılması, konstitusion əsasların yaradılması və müasir dövlət idarəçiliyi mexanizmlərinin qurulmasını özünəməxsus zərgər dəqiqliyi ilə həyata keçirən Prezident Heydər Əliyev Azərbaycanın iqtisadi təməllərini də möhkəmləndirdi. Böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək

“Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bununla da ölkəyə xarici investisiyaların axını təmin edildi, iqtisadi dirçəlişin əsası qoyuldu. Paralel şəkildə ordu quruculuğu prosesi sürətləndirildi, dövlətin müdafiə potensialı gücləndirildi və gələcək tarixi qələbələrin möhkəm təməli formalaşdırıldı. Atəşkəs sazişinin imzalanmasına nail olmaqla ölkəni ağır müharibə şəraitindən çıxaran Heydər Əliyev paralel olaraq ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri etdi. Ulu öndər əminliklə bildirirdi ki, Azərbaycan işğal altında olan doğma torpaqlarına qayıdacaq və ərazi bütövlüyünü bərpa edəcək. Bu inam onun çıxışlarında dəfələrlə səslənir, xalqın gələcəyə ümidini daha da gücləndirirdi. Beləliklə, dövlət quruculuğu, iqtisadi inkişaf və güclü ordunun formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar gələcək böyük zəfərin möhkəm təməlini yaratdı. Zaman keçdikcə Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə qalib xalq kimi tarixə öz möhürünü vurdu. 44 günlük Vətən müharibəsində əldə olunan zəfər və bir gün davam edən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan müasir tarixinin ən şərəfli, ən qürurverici və ən parlaq səhifələrindən birini yazaraq milli hədəflərinə çatdı.

Şübhəsiz ki, bu gün qürurla qeyd etdiyimiz zəfərin təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, qurduğu möhkəm dövlətçilik sistemi və yaratdığı peşəkar ordu dayanır. Vaxtilə böyük uzaqgörənliklə müəyyənləşdirilən strateji hədəflər Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası göstərdi ki, illər öncə əsası qoyulan güclü dövlət modeli öz tarixi missiyasını uğurla yerinə yetirib.

Bu gün Azərbaycan inkişaf səviyyəsi, etibarlılığı və qlobal təşəbbüslərdə fəal iştirakı ilə dünyada seçilən dövlətlər sırasındadır. Dünya ölkəmizlə hesablaşır, beynəlxalq tribunalarda səsləndirdiyimiz mövqe diqqətlə dinlənilir, Azərbaycan güclü və nüfuzlu dövlət kimi nümunə göstərilir. Bu qüdrətli dövlətin təməlini quran, onun inkişaf strategiyasını müəyyənləşdirən və dünyada söz sahibi olmasının əsaslarını yaradan məhz Heydər Əliyevdir.

Ulu öndər liderlik və dahilik nümunəsini dünyaya nümayiş etdirərək xalqla dövlət arasında sarsılmaz birlik yaratdı. Onun siyasi müdrikliyi və tarixi xidmətləri elə bir zirvə formalaşdırdı ki, Azərbaycanın düşmənləri belə bu böyüklüyü etiraf etmək məcburiyyətində qaldılar. Heydər Əliyev Azərbaycanın və xalqımızın son ümid yeri, taleyin xalqımıza bəxş etdiyi tarixi şans oldu. Bu tarixi şansdan onun böyük strategiyası ilə zəfərə qədər uzanan şərəfli yolu qət etdik.

15 İyun bunun tarixi təsdiqinin cahana bəyanı kimi yaddaşlara hopdu və dövlətçiliyimizin, azadlığımızın qurtuluşu kimi tariximizdə əbədi yer aldı. Təqvimin bu gününü bayrama çevirən Ümummilli lider hər birimiz üçün arxalana biləcəyimiz dövlət və azad yaşamaq kimi şərəfli bir həyatın əsasını qoyaraq ürəklərə köçdü. Azadlığımıza, müstəqil həyatımıza və xalqımıza nəfəs verən xalq lideri Heydər Əliyev üçrəngli bayrağımızla eyni ucalıqda əbədiyyət simvolu kimi tarixləşdi. Yeni, müstəqil Azərbaycanın qəhrəmanı olaraq ölməzlik qazandı. Əbədiyaşarlıq dediyimiz müqəddəslik də elə budur!