Xəbərlər
Müasir media siyasəti: söz azadlığı, islahatlar və məsuliyyət
“Media sahəsinin inkişafı artıq yalnız jurnalist peşəsinin daxili məsələsi deyil. Rəqəmsallaşmanın sürətləndiyi, informasiya məkanı uğrunda qlobal rəqabətin gücləndiyi və dezinformasiyanın artdığı bir dövrdə media siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Azərbaycan son onilliklər ərzində söz azadlığı, institusional islahatlar, dövlət dəstəyi və peşəkar məsuliyyət prinsiplərinə əsaslanan özünəməxsus media inkişaf modeli formalaşdırıb”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, müstəqillik bərpa olunduqdan sonra ölkədə yeni informasiya mühitinin yaradılması zərurəti meydana çıxdı. Bu prosesin təməlini Ümummilli Lider Heydər Əliyev qoydu. 1998-ci ildə senzuranın ləğvi milli medianın inkişafında dönüş nöqtəsi oldu, qanunvericilik bazası təkmilləşdirildi və söz azadlığının hüquqi təminatları gücləndirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. İnternet mediası, sosial şəbəkələr və süni intellekt jurnalistikanın mahiyyətini dəyişdirdiyi üçün media siyasəti də yeni məzmun qazandı. Bu gün əsas vəzifələrdən biri informasiya təhlükəsizliyini təmin etməklə yanaşı, peşəkar və rəqabətqabiliyyətli media mühitinin inkişafını dəstəkləməkdir.
“Bu məqsədlə MEDİA Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi və media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən islahatlar jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərinin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir”,-deyən millət vəkilinin sözlərinə görə, 2026-cı ildə Media və Yayım Şurasının yaradılması barədə qəbul olunan qərar da media idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bu yanaşma ənənəvi və rəqəmsal medianın vahid informasiya ekosistemi çərçivəsində inkişafını nəzərdə tutur. Dövlət tərəfindən media sektoruna göstərilən dəstək yalnız normativ-hüquqi müstəvi ilə məhdudlaşmır. Vergi güzəştləri, ictimai əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, jurnalistlərin peşə hazırlığının gücləndirilməsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər kompleks media siyasətinin tərkib hissəsidir. Lakin müasir medianın əsas kapitalı ictimai etimaddır. Buna görə də peşə etikası, faktların yoxlanılması və obyektivlik prinsipləri əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Süni intellekt texnologiyalarının sürətli inkişafı jurnalistlər qarşısında yeni çağırışlar yaradır və etibarlı informasiya istehsalını strateji vəzifəyə çevirir.
“Azərbaycanın media siyasəti söz azadlığı ilə məsuliyyət arasında tarazlığın qorunmasına əsaslanır. Məhz bu yanaşma milli medianın davamlı inkişafına, cəmiyyətin düzgün məlumatlandırılmasına və dövlətin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”, - deyə Sevinc Fətəliyeva qeyd edib.
