Xəbərlər
Şəhidlərin xatirəsi ehtiramla anılır
Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Tahir Mahir oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Mirəliyev Mirəli Vaqif oğlunun doğum günləri ilə əlaqədar anım tədbirləri keçirilib.
Anım tədbirlərində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, qəsəbə sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzüblər.
Anım tədbirlərində çıxış edənlər şəhidlərin həyat yolundan, Vətən naminə göstərdikləri qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Tahir Əliyev 20 iyul 2001-ci ildə Bakı şəhərində anadan olub. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb.
Tahir Əliyev 2020-ci il oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Vətənə xidmətə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. O, Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Birinci Qarabağ müharibəsi şəhidi Mirəli Mirəliyev Vaqif oğlu 20 iyul 1973-cü ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, 27 mart 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
