YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda Qurban bayramı münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi dərin hörmətlə anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan xalqı bu gün müqəddəs Qurban bayramını qalib xalq kimi böyük qürur hissi ilə qeyd edir. O vurğulayıb ki, Qurban bayramı mənəvi təmizlik, paylaşmaq və mərhəmət rəmzi olmaqla yanaşı, dövlətimizin qüdrətini və milli birliyimizi nümayiş etdirən əlamətdar gündür. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlər nəticəsində bayramlarımız artıq azad Qarabağda yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Bəxtiyar Nəbiyev həmçinin şəhid və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu ailələrə xüsusi həssaslıqla yanaşdığını bildirib.

 YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, Qurban bayramı təkcə dini mərasim deyil, həm də milli-mənəvi dəyərlərin təntənəsidir. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri siyasəti bu gün uğurla davam etdirilir və Azərbaycanda bayramlar azad, təhlükəsiz və yüksək rifah şəraitində qeyd olunur. Misir Mərdanov vurğulayıb ki, ölkəmizin qazandığı uğurlara görə Azərbaycan Ordusuna, şəhidlərə və qazilərə hər zaman minnətdar olmalıyıq.

44 günlük Vətən müharibəsi şəhidi, XTQ-nin kapitanı Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov çıxışında bildirib ki, Qurban bayramı həmrəylik və mərhəmət bayramıdır. O qeyd edib ki, Azərbaycanda şəhid və aztəminatlı ailələrə göstərilən diqqət dövlətin milli-mənəvi dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bağı Hüseynov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

“H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Şölət Zeynalov bildirib ki, Qurban bayramı paylaşmaq və ehtiyac sahiblərinə dəstək olmaq kimi ali dəyərləri təbliğ edir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, əhalinin sosial müdafiəsi və həssas təbəqələrə dövlət qayğısı daha da gücləndirilir.

Tədbirin sonunda YAP Yasamal rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə aksiya təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələr ziyarət edilərək onlara bayram sovqatları təqdim olunub.