YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhərsalma sahəsində innovativ həllər və rəqəmsal yanaşmalar

Daşqın Mikayılov

YAP Şəki rayon təşkilatının sədri

Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, şəhərsalma sahəsində qazandığı uğurların və qlobal təşəbbüslərə verdiyi töhfələrin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak etdilər. Dövlətimizin başçısı və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi Forum miqyasına görə diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq siyasi, iqtisadi və humanitar platformaların mühüm mərkəzlərindən birinə çevrilib. Bakının belə nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin müasir inkişaf modelinə, təhlükəsizliyinə, sabitliyinə və təşkilatçılıq imkanlarına verilən yüksək qiymətin ifadəsidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi mövqeyinin və tarixi inkişaf yolunun ölkənin memarlıq üslubunda da öz əksini tapdığını xüsusi qeyd edərək Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi olduğunu bildirdi. Bu zəngin irs xüsusilə Bakının simasında aydın görünür. İçərişəhərin qədim divarlarından başlayaraq müasir göydələnlərə, tarixi tikililərdən geniş bulvarlara qədər paytaxtın hər bir guşəsində qədimliklə müasirliyin harmoniyası müşahidə edilir. Vaxtilə cəmi üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometri aşması şəhərin sürətli inkişafının və planlı şəhərsalma siyasətinin nəticəsidir.

Dövlətimizin başçısı çıxışında şəhərsalma məsələlərinin təkcə Bakı ilə məhdudlaşmadığını, Azərbaycanın qədim şəhərləri – Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi yaşayış məntəqələrinin də zəngin memarlıq nümunələri ilə seçildiyini qeyd etdi. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər boyu fəaliyyət göstərən kanalizasiya sistemi xalqımızın yüksək mühəndislik və memarlıq düşüncəsinin nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız öz qədim tarixini yalnız musiqidə və ədəbiyyatda deyil, memarlıq irsində də yaşatmağı bacarıb.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Son illər həyata keçirilən layihələr Azərbaycanın şəhərsalma siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri dünya miqyasında analoqu olmayan layihələr sırasındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 il erməni işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur tamamilə dağıdılmışdı. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğalın yaratdığı dəhşətli mənzərəni açıq şəkildə ifadə edir. Bu gün isə həmin ərazilərdə yeni həyat qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktur yaradılır, yollar, tunellər, körpülər, hava limanları, məktəblər və xəstəxanalar tikilir. Cəmi beş il ərzində 70 kilometr uzunluğunda tunellərin inşası, yüzlərlə körpünün salınması və üç beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü və dövlət idarəçiliyinin səmərəliliyini nümayiş etdirir. Artıq 85 mindən çox azərbaycanlı öz doğma torpaqlarında yaşayır, çalışır və təhsil alır.

Prezident İlham Əliyev çıxışında ətraf mühitin qorunması məsələlərinə də toxundu. Bakı şəhərinin uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşdiyini qeyd edən dövlətimizin başçısı son illərdə həyata keçirilən layihələrin paytaxtın simasını tamamilə dəyişdiyini bildirdi. Vaxtilə çirklənmənin simvolu olan Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi Azərbaycanın uğurlu şəhərsalma və ekoloji siyasətinin mühüm nəticələrindən biridir. Son 20 ildə Bakıda 100-dən artıq park və ictimai məkanın yaradılması, ictimai nəqliyyatın modernləşdirilməsi, elektrik avtobuslarının istifadəsi və mikromobilliyin inkişafı şəhərin ekoloji tarazlığının qorunmasına xidmət edir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər və ekspertlər şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq, yeni yanaşmaları müzakirə etmək imkanı əldə edirlər. Bu tədbir Azərbaycanın yalnız regionun deyil, bütövlükdə dünyanın inkişaf və yenilənmə proseslərinə fəal töhfə verən dövlət olduğunu bir daha nümayiş etdirir.

Bugünkü Azərbaycan qədim tarixi irsini qoruyan, eyni zamanda müasir şəhərsalma prinsiplərini uğurla tətbiq edən inkişaf etmiş dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, gələcək nəsillər üçün daha müasir, təhlükəsiz və rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası isə Azərbaycanın bu istiqamətdə qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.