YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhərlərin gələcəyi: innovasiya, ekologiya və sosial rifah

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Azərbaycan 18 may 2026-cı il tarixindən start götürən dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməkdədir. Xüsusi olaraq qeyd etməliyik ki, son illər beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan dövlətinə və onun rəhbərinə verilən böyük dəyərin göstəricisidir. Məhz bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biri kimi tariximizə yazılacaqdır. Dünyanın 182 ölkəsindən 45 mindən artıq nümayəndənin rəsmi qeydiyyatdan keçdiyi və bütün dünyanın diqqətində olan bu mötəbər tədbir artıq bir neçə gündür ki, uğurla davam edir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqi və qlobal şəhərsalma ilə bağlı söylədiyi fikirlərlə yadda qaldı. Dövlətimizin başçısı mühüm mesajları özündə əks etdirən çıxışında ölkəmizin müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf strategiyası və azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Dövlətimizin başçısı Azərbaycanın memarlıq və şəhərsalma tarixindən və bu istiqamətdə son illərdə həyata keçirilən layihələrdən bəhs etdi. Müasir şəhərsalma yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır, eyni zamanda insanların rahat yaşayışı, ekoloji tarazlığın qorunması və dayanıqlı iqtisadiyyat ilk növbədə təmin edilməlidir.

Dövlətimizin başçısı çıxışında toxunduğu əsas məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərindən bəhs etməsi oldu. Cənab Prezident qeyd etdi ki, “indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər tamamilə yerlə-yeksan edilmişdir və Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmiş, 30 illik işğal ərzində vandalizm nəticəsində dağıdılmışdı.”

“Böyük Qayıdış” proqramı əsasında bu ərazilərdə 5 il ərzində görülmüş işləri statistik rəqəmlərlə iştirakçıların nəzərinə çatdıran dövlətimizin başçısı qeyd etmişdir ki, bütün görülmüş işlər “Ağıllı şəhər”, “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarına əsaslanmaqla icra edilir. “Böyük Qayıdış” proqramının uğurlu icrası bizim üçün bir nömrəli vəzifədir deyən Möhtərəm cənab Prezident vurğuladı ki, “Böyük Qayıdış”ı reallaşdırmaq məqsədilə hazırda bu ərazilərdə böyük infrastruktur layihələri icra edilir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Planlı şəkildə həyata keçirilən bu işlərin davam etdirilməsi üçün dövlətimiz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışmaqdadır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi və dövlətimizin başçısının həmin tədbirdə etdiyi çıxış Azərbaycanın gələcəyə hesablanmış strategiyasını bütün dünyanın nəzərinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan yalnız regionun deyil, beynəlxalq platformaların da fəal iştirakçısı və təşəbbüskarıdır.