Xəbərlər
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının və Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, çoxsaylı YAP fəalları, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.
Sonra Daşkəsən Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara, həmçinin kitab sərgisinə, yeniyetmə və gənclərin əl işlərinə baxış keçirilib.
Daşkəsən RİH-də keçirilən ümumrayon tədbirində Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Daşkəsən RİH başçısı Orxan Abbasov Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. O.Abbasov məruzəsində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. O, Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, həmin siyasi kursun ölkəmizin sabitliyi, inkişafı və beynəlxalq nüfuzunun daha da güclənməsinin əsas təminatı olduğunu vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət müstəqilliyi qorunub saxlanılmış, respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitlik təmin olunmuşdur.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva isə diqqətə çatdırıb ki, Ulu Öndərin təhsilə göstərdiyi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yaranmışdır. Vurğulanıb ki, bu gün Azərbaycan gəncliyi həmin işıqlı ideyalar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır.
Daha sonra Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsinin Qəmbər Hüseynli adına instrumental ansamblının ifasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mahnı və musiqilərdən ibarət konsert proqramı təqdim olunub.
