Xəbərlər
Xətaidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub
Xətai rayonunda, Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub.
Tədbirdə RİH başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan möhkəm təməl üzərində inkişaf yoluna qədəm qoyub, ölkədə siyasi sabitlik təmin edilib, iqtisadi yüksəlişə nail olunub və milli dövlətçilik ənənələri daha da gücləndirilib. Xüsusilə vurğulanıb ki, Ulu Öndərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində həyata keçirdiyi siyasət bu gün də öz aktuallığını qoruyur. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub. Həmçinin qalib məktəblərin müəllimləri Allahverdiyev Səməndər İskəndər oğlu, Əliyeva Şərqiyyə Əliyar qızı və Əliyeva Sahibə Mustafa qızı da təltif ediliblər.
Tədbirdə, həmçinin inşa-yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq gecə səmasını al-əlvan rənglərə boyayıb. Rəngarəng fişənglərin yaratdığı ecazkar mənzərə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb və bayram tədbiri yüksək əhval-ruhiyyə ilə başa çatıb.
Rəsmi hissədən sonra tədbir zəngin və rəngarəng konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları, sevilən müğənnilər və gənc ifaçılar tərəfindən Ulu Öndər Heydər Əliyevə, müstəqil Azərbaycana, Vətənə və qəhrəmanlıq ruhuna həsr olunmuş mahnılar səsləndirilib. Vətənpərvərlik ruhunda təqdim olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb, parkda bayram ab-havası hökm sürüb.
