Xəbərlər
“Əbədi müstəqilliyin memarı: Heydər Əliyev”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun idarə və müəssisələrinin nümayəndələri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgiyə baxış keçirilib və ekskursiya təşkil edilib. Mərkəzdə iştirakçılara Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində mühüm rol oynamış görkəmli dövlət xadimidir. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkəmiz mühüm inkişaf mərhələsi keçib, sənaye, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə olunub. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs uğurla davam etdirilir, Azərbaycan regionun güclü və söz sahibi olan dövlətlərindən birinə çevrilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ümummilli Lider bütün fəaliyyəti boyu Azərbaycan xalqına və dövlətçiliyinə sədaqətlə xidmət edib. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində müasir Azərbaycanın möhkəm təməli formalaşıb. Bildirilib ki, bu gün ölkəmizin əldə etdiyi uğurların əsasında Heydər Əliyev siyasi irsi dayanır.
Tədbirdə çıxış edən Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsmalıyev, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov və Ağstafa rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yolunun əsas dayağıdır.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərmanlarla təltif olunub, YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir Ağstafa Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
