Xəbərlər
Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mayın 4-də ölkəmizdə səfərdə oldu. Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatlarla çıxış etdilər. Mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar iki ölkə arasında əlaqələrin gələcək inkişafının təqdimatı oldu. Belə ki, 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələr münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir. Sənədlərdə əks olunan prinsiplər bu gün real həyatda da uğurla həyata keçirilir və iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir.
Ciorcia Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da Azərbaycan və İtaliya uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyir. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Cənab İlham Əliyev yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlığın da ümidverici olduğunu bildirdi. Onu da vurğuladı ki, bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var.
Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına son illərdə təxminən 3 milyard dollar sərmayə yatırması da əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti yüksək qiymətləndirilir. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkədə fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, hər iki ölkə bəlkə də ən vacib sahəni də unutmayıb. O da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.
Ümumilikdə səfər iki ölkə arasında dostluğun və tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirərək yeni mərhələnin əsası oldu. Dövlət başçısı İlham Əliyevin “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır” fikirlərinin davamı olaraq İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni bildirdi ki, dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda Prezident Sercio Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyasının nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhlükəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır.
