YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin qədim və zəngin tarixi var

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin qədim və zəngin tarixi var. Azərbaycan və türkmən xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. Bunlar ilk növbədə xalqlarımızın eyni köklərə bağlı olmasıdır.

Bu sözləri Türkmənistanın paytaxtı Aşqabadda “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Konfransın iştirakçıları əvvəlcə Aşqabaddakı “Bitərəflik” monumentini ziyarət ediblər.

Sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə rəsmi şəxslərin salamlaşma mərasimi keçirilib.

Türkmənistan Prezidenti konfransda çıxış edərək bildirib ki, artıq 20 ildir ölkəsi bitərəf dövlət statusunu saxlamaqla əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. O, çıxışında bir çox ölkələrlə əməkdaşlığın müxtəlif cəhətlərinə toxunub, bitərəfliyin 20 illik yubileyinə həsr olunan konfransa qatılan iştirakçılara minnətdarlığını bildirib.

Konfransda çıxış edən Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və təbriklərini, eləcə də Türkmənistan xalqına və dövlətinə ən xoş arzularını çatdırıb. Bildirilib ki, konfransda aparılan fikir mübadiləsi və müzakirələr qardaş Türkmənistanın son 20 ildə keçdiyi inkişaf yoluna nəzərə salmağa imkan verəcək və bitərəflik siyasəti yolunda qazandığı təcrübəni dərindən öyrənməyə kömək göstərəcək. Oqtay Əsədov vurğulayıb ki, bitərəflik statusu dövlətlərin uğurlu müstəqil inkişafının təminatçısı və səmərəli xarici siyasət modeli olduğunu artıq sübuta yetirib. Bu statusun əsas prinsipləri onu beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementinə çevirib. Türkmənistan dünyada yeganə dövlətdir ki, onun bitərəflik statusu BMT Baş Məclisinin 1995-ci il 12 dekabr tarixli qətnaməsi ilə bəyənilib və təsdiq edilib. Bu tarixi seçim Türkmənistana öz xarici siyasət strategiyasının əsas məzmununu və istiqamətini müəyyənləşdirməyə, xarici dövlətlər ilə bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Türkmənistanın bitərəflik potensialı bölgədə sülh və sabitliyin qorunmasının, konstruktiv dialoq və tərəfdaşlığın təmin edilməsinin ən vacib amillərindən birini təşkil edir.

Milli Məclisin sədri bildirib ki, ötən əsrin sonlarında Azərbaycan və Türkmənistan müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə yeni şərait yaranıb. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkələrimiz bu gün müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədovun fəal siyasi təmasları Azərbaycan–Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlər də yaxından iştirak edirlər.

Çıxışının sonunda O.Əsədov Türkmənistan Prezidentini və türkmən xalqını bir daha bitərəflik bayramı və yubileyi münasibətilə ürəkdən təbrik etdi, onlara sülh, əmin-amanlıq və firavanlıq arzuladı.

Digər çıxışlarda da vurğulandı ki, bitərəflik statusu beynəlxalq maliyyə və sənaye qurumlarının Türkmənistana etibarını və ölkə iqtisadiyyatının xarici investisiyalar üçün cazibədarlığını artırıb. Zəngin karbohidrogen ehtiyatlarından və digər təbii ehtiyatlardan səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Türkmənistan əhalisinin firavan yaşayışını və rifahını təmin edir.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri olub. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər də konfransda iştirak ediblər.