YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan və Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin  bu günlərdə Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının  yaratdığı yeni reallıqlar əsasında  regionda,  dünya siyasətində  baş verən  dəyişikliklər, Ermənistanla əldə edilən  tarixi sülh razılaşmasının  uğurlu nəticələri  xüsusi qeyd edildi. Azərbaycan və Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinə dəstəkləri də özündə əsas çağışları ehtiva edir.  Belə ki, Prezident İlham Əliyev  bildirdi ki, bir il öncə Tiranaya səfəri zamanı Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasını dəstəkləmiş, həmçinin tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsini təklif etmişdir.  Təklif qəbul olunmuşdu: “Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. İlk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı  Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

 Cənab İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirdi və onu da qeyd etdi ki,  əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Azərbaycan üçün bu kimi reallıqlardan uzaq, qərəz dolu qətnamələr kağız parçasından başqa bir şey deyil. Ölkəmiz hər zaman özünə qarşı dünyanın ikili standartlara əsaslanan siyasətinin şahididir. Bütün bu qərəzli yanaşmaların  əsasında Azərbaycanın müstəqil siyasəti, davamlı uğurları, son beş ildən artıq dövrdə isə tarixi Zəfərimiz və suverenliyimizin bərpası dayanır. Diqqətçəkən məqam budur ki, Ermənistan sülhün nəticələrindən məmnunluğunu ifadə edir, bu dövrü müstəqilliyindən  bəri yaşadığı misilsiz illər kimi dəyərləndirir,  Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar isə  hələ də yanaşmalarında dəyişiklik etmək istəmir, maraqları ədaləti və beynəlxalq hüququ üstələyir.