YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyev irsi: Müstəqil Azərbaycanın memarı və milli dirçəlişin müəllifi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllimi, rəssam Nəsibə Əsgərovanın müəllifi olduğu fərdi rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə ölkəmizi qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində minlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil alaraq gələcək Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və vətəndaş qarşıdurması şəraitində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil Azərbaycanın dövlətçilik təməllərini qurdu. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin əsasını qoydu və sabitlik üçün zəmin yaratdı. Onun həyata keçirdiyi neft strategiyası və “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinə yol açdı. Bu gün Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi qlobal gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Bu zəfərlər təbii olaraq Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətin əsasında mümkün olmuşdur. Hazırda işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış və genişmiqyaslı bərpa, yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Geniş və dərin zəka sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib. Bunun nəticəsidir ki, bu Zəfərlər ölkəmizin regional təhlükəsizlik arxitekturasında əsas söz sahibi kimi qəbul olunmasını və qlobal səviyyədə diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artmasını təmin etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır. SSRİ dönəmində Azərbaycanın rəhbəri kimi çalışdığı dövrdə respublikanı irəli aparan islahatlara imza atdı. Onun uzaqgörən siyasəti ilə sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf təmin olundu. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmadan və vətəndaş müharibəsindən xilas etdi. 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın siyasi sabitliyi və hüquqi əsaslarını müəyyənləşdirdi. Onun əsasını qoyduğu neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini möhkəmləndirdi. Bu strateji xətt bu gün Prezident İlham Əliyevin uğurlu liderliyi ilə daha da inkişaf etdirilir. Prezidentimizin qətiyyəti ilə Azərbaycan 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror tədbirlərində tarixi Qələbələrə imza atdı. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi ölkəmizin gücünü və sabitliyini əks etdirir. Azərbaycan bu gün enerji, logistika və nəqliyyat sahələrində dünya miqyasında aparıcı rol oynayır. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl və milli dövlətçilik fəlsəfəsi dayanır.

Çıxışlardan sonra fəxri fərmalar, hədiyyələr və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra bədii hissə təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.