Xəbərlər
Azərbaycan hər zaman güclü idman ənənələrinə malik olub
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev bütün sahələrin, o cümlədən idmanın inkişafı istiqamətində mühüm addımlar atır, Fərman və sərəmcamlar imzalayır, Dövlət Proqramları təsdiqlənir, onlardan irəli gələn vəzifələr yüksək səviyyədə yerinə yetirilir. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə idman mərkəzi kimi tanınır. Ölkəmizin bu il üçün dünyanın “İdman Paytaxtı” seçilməsi də özündə mühüm çağırışları ehtiva edir.
Müxtəlif idman növlərinin inkişafı istiqamətində atılan addımlar dünyanın diqqətindən kənarda qalmır. Aprelin 30-da cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Dövlətimizin başçısı milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edərək vurğuladı ki, bu qələbə hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər.
Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. İdmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur: “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Federasiyaya gəldikdə isə Prezident İlham Əliyev qeyd etdi ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları: “Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək”.
Azərbaycan idmançılarının qələbələri, qazandıqları medalların say tərkibi idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımların aydın mənzərəsini təqdim edir. Dövlətimizin başçısı İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərkən Azərbaycan idmançılarının təkcə nəticələri ilə deyil, həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları ilə diqqətdə olduqlarını bildirdi. Qeyd etdi ki, məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir.
Bizdə isə belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın - Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var: “Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır… Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir”.
Dövlətimiz gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayır.
