YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və mənim doğma yurdum”

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı və Qubadlı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “Heydər Əliyev və mənim doğma yurdum” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Təftiş Komissiyasının üzvü Badam Hüseynova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı rayon üzrə Təhsil sektorunun müdiri Müşfiq Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, ərazi partiya təşkilatlarının sədrləri, təhsil müəssisələrinin rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Təhsil sektorunun müdiri Müşfiq Hüseynov və digərləri çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətləri misilsizdir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişaf etdirilməsində müstəsna rol oynayıb, mürəkkəb tarixi mərhələlərdə ölkəmizi uğurla irəli aparıb. Onun zəngin dövlətçilik irsi və siyasi uzaqgörənliyi bu gün də Azərbaycanın inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

Bu gün Azərbaycan Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir. Ölkəmiz 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində ərazi bütövlüyünü tam bərpa edərək güclü və suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində mühüm rol oynayır.

Tədbirin sonunda YAP Qubadlı rayon təşkilatının təşəbbüsü ilə Ümummilli Liderin anadan olmasının 103 illiyi münasibətilə rayonun ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Birinci yerə Qaralar kənd tam orta məktəbinin IX sinif şagirdi Qarayeva Əfsanə İmran qızı, ikinci yerə Çaytumas məktəb-liseyinin X sinif şagirdi Süleymanova Səadət Qismət qızı, üçüncü yerə isə Mahruzlu kənd tam orta məktəbinin X sinif şagirdi Bəşirova Cəvahir İlqar qızı layiq görülüb.

Qaliblərin müəllimləri Tərlan Orucova, Sevil Məmmədova və Ləmanə Məmmədova isə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv