YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz dostluq, qarşılıqlı dəstək və inkişaf

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Aprelin 27-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində aparılan müzakirələr təkcə mövcud əməkdaşlığın dərinləşdirilməsi deyil, həm də yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur. İlk növbədə, dövlətimizin başçısının vurğuladığı kimi, Bakı və Praqa arasında siyasi dialoq artıq fəal və dinamik xarakter alıb.

Azərbaycan əsasən energetika, neft və neft-kimya sənayesi, kənd təsərrüfatı məhsulları ilə Çexiyaya ixracat həyata keçirir. Çexiyadan isə Azərbaycana maşınqayırma, avtomobil texnikası, elektronika, kimya və dərman preparatları kimi məhsullar idxal olunur. Ölkələr arasında ticarət dövriyyəsi get-gedə artmaqdadır və bu da təbii ki, tərəflər arasında qarşılıqlı etimadın və iqtisadi əməkdaşlığın göstəricisidir.

Qeyd edək ki, Azərbaycan və Çexiya arasında ticari əməkdaşlıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır. Tərəflər həm də birgə investisiya layihələrini və praktiki işbirliyi imkanlarını nəzərdən keçirirlər.  Bu amili aprelin 27-də Qəbələdə keçirilmiş Azərbaycan-Çexiya biznes-forumunda çıxış edən Prezident İlham Əliyev belə ifadə edib: “İkitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Biz, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraq biznes-forumda bütün məsələlər nəzərdən keçirilir”.

Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlığın önəmli istiqamətlərindən biri sənaye və texnologiya sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsidir. Energetika sektorunda tərəflər qarşılıqlı maraqlara əsaslanaraq layihələr həyata keçirir, modern texnologiyaların istifadəsini genişləndirirlər. Ən çox da neft-kimya və elektrik enerjisi, həmçinin xam neft və qaz istehsalı sahələrində əməkdaşlıq artmaqdadır. Təsadüfi deyil ki, forumda bu məsələlərdən də bəhs olunub. Tədbirdə çıxış edən Çexiyanın Baş naziri Andrey Babiş energetika sahəsindəki mövcud əlaqələri və gələcək layihələrə dair qarşılıqlı maraqları vurğulayaraq deyib: “Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik. Çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz birnömrəli təchizatçımızsınız. Biz buraya qazın ən böyük paylayıcısı olan ÇES şirkəti ilə gəlmişik və əlbəttə ki, uzunmüddətli əməkdaşlığı, uzunmüddətli müqaviləni, ikitərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var”.

Həmçinin Çex Respublikası ilə uzun illərdir davam edən hərbi-texniki əməkdaşlıq artıq yeni mərhələyə, birgə istehsal və texnologiya mübadiləsi mərhələsinə keçməkdədir. Azərbaycanın müdafiə sənayesində yerli istehsalı genişləndirmək siyasəti Çexiyanın bu sahədəki təcrübəsi ilə uzlaşır və qarşılıqlı faydalı sinerji yaradır. Bu isə həm Azərbaycanın müdafiə potensialının güclənməsinə, həm də sənaye əməkdaşlığının dərinləşməsinə xidmət edir. Səfər çərçivəsində hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılıq əldə olunması da münasibətlərin institusional inkişafına əlavə təkan verəcək. Bu mexanizm müxtəlif sahələr üzrə əməkdaşlığın koordinasiyalı şəkildə genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Çexiya münasibətləri təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi və sənaye sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa doğru inkişaf edir.