Xəbərlər
“Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası”
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sərgiyə baxış keçirilib.
Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı bu istiqamətdə elmi-tədqiqatların inkişafına, əlverişli infrastrukturun reallaşmasına stimul olacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlər Azərbaycanın şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ təşkil edib. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, işğaldan azad olunmuş ərazilərdə o cümlədən Qusar rayonunda geniş quruculuq işlərinin aparıldığını, müasir yaşayış məntəqələrinin yaradıldığını və tarixi irsin bərpa olunduğunu bildirib.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov ölkə başçısının rəhbərliyi ilə son illər respublikamızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, Qarabağ bölgəsində tətbiq olunan innovativ və yaşıl şəhərsalma yanaşmalarının bu sahəyə verdiyi strateji əhəmiyyətindən danışıb.
Rayonun baş memarı Şahabbas Saruxanov və Dövlət Şəhərsalma və Arxitektura komitəsi nəzdində Bakı Dövlət Layihə İnstitutunun memarı Cabbar Muradov müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın bu sahədə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və xatirə hədiyyəsi, yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
