Xəbərlər
Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji siyasətində artan rolunun nümayiş etdirildiyi beynəlxalq mərkəz funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarını sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, dövlət quruculuğu, milli təhlükəsizlik, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq aləti kimi istifadə edən nadir ölkələrdən biridir. Son 30 ilin nəticələri göstərir ki, milli maraqlara söykənən, uzaqgörən və praqmatik enerji siyasəti Azərbaycanı regionun lider dövlətinə, Avrasiyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Bu gün ölkəmiz həm ənənəvi enerji resursları, həm də yaşıl enerji layihələri ilə qlobal enerji keçidinin fəal iştirakçısı kimi yeni mərhələyə qədəm qoyur və Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər məhz bu strateji baxışın konseptual xəritəsini ortaya qoyur.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində verdiyi mesajları Azərbaycanın enerji siyasətinin uğur modeli adıandırsaq, yanılmarıq. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, enerji strategiyasının və beynəlxalq nüfuzunun hərtərəfli təqdimatı oldu. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər enerji siyasətinin ölkənin iqtisadi, siyasi, hərbi və geosiyasi gücünün formalaşmasındakı rolunu əhatə etdi.
Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab olunan Bakı Enerji Həftəsinin əsası məhz müstəqilliyin ilk illərində qoyulub. Vaxtilə “Xəzər Neft və Qaz” sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün dünyanın aparıcı enerji tədbirlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında 30 il əvvəl imzalanmış “Şahdəniz” müqaviləsini xüsusi vurğuladı. Həmin müqavilə Azərbaycanın müasir qaz sənayesinin əsasını qoymaqla yanaşı, ölkəmizi gələcəkdə Avropanın enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirdi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri qlobal enerji siyasətində baş verən dəyişikliklərlə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, son illərdə neft və qaz istehsal edən ölkələrə qarşı aparılan əsassız kampaniyalar enerji reallıqlarını dəyişə bilmədi. Dünya iqtisadiyyatının inkişafı üçün karbohidrogen ehtiyatları hələ də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident Donald Trampın enerji məsələlərinə praqmatik yanaşmasını yüksək qiymətləndirən Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin ideoloji deyil, real iqtisadi maraqlar üzərində qurulmasının vacibliyini vurğuladı.
Əslində, Azərbaycanın son otuz illik inkişaf təcrübəsi də bu həqiqətin ən parlaq nümunələrindən biridir. 1990-cı illərin əvvəllərində iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərin 20 faizinin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, yüksək işsizlik və yoxsulluq ölkənin üzləşdiyi əsas problemlər idi. Həmin dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifə dövlət müstəqilliyini qorumaq və iqtisadi dirçəlişi təmin etmək idi.
Məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi enerji strategiyası ölkənin taleyini dəyişdirdi. Azərbaycan Xəzər dənizinin enerji ehtiyatlarını beynəlxalq şirkətlərə açmaqla xarici sərmayələri cəlb etdi və qısa müddətdə regionun enerji mərkəzinə çevrildi. Bu gün isə tamamilə fərqli mənzərə mövcuddur. Yoxsulluq səviyyəsi 5 faizə qədər azalıb, işsizlik minimum səviyyəyə enib, Azərbaycanın xarici borcu ÜDM-in təxminən 6 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin nəticəsidir.
Ölkə rəhbərinin çıxışında xüsusilə vurğuladı ki, ölkələr neft və qaz ehtiyatlarının mövcudluğuna görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər düzgün idarə olunduqda onlar sosial rifahın yüksəlməsinə, infrastrukturun qurulmasına, təhsilin və səhiyyənin inkişafına, həmçinin dövlət təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Enerji gəlirləri hesabına güclü ordu qurulması da bu siyasətin mühüm nəticələrindən biri oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi gücü ölkənin hərbi potensialının möhkəmlənməsinə imkan yaratdı və nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan üzərində tarixi Qələbə qazanıldı. Beləliklə, enerji strategiyası təkcə iqtisadi inkişafın deyil, həm də ərazi bütövlüyünün bərpasının əsas dayaqlarından birinə çevrildi.
Çıxışın mühüm hissələrindən biri Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rol ilə bağlı idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələri bu gün Avrasiyanın enerji xəritəsini dəyişən strateji layihələr hesab olunur. Xəzər dənizindən Aralıq və Adriatik dənizlərinə qədər uzanan 3500 kilometrlik enerji infrastrukturu milyonlarla insanın enerji təminatında mühüm rol oynayır. Azərbaycan qazını idxal edən ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi ölkəmizin enerji ixracatçısı kimi mövqeyinin daha da gücləndiyini göstərir. Bu ölkələrin 10-nun Avropa İttifaqı üzvü olması isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunu bir daha təsdiqləyir. Dövlət başçısı yeni qaz yataqlarının, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin, “Abşeron” yatağının və digər perspektivli layihələrin gələcəkdə qaz ixracını daha da artıracağını bildirdi. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunun uzunmüddətli perspektivdə qorunacağını göstərir.
Prezident İlham Əliyevin çıxışında yaşıl enerji siyasəti də xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının ehtiyaclarını ən azı yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan məsuliyyətli dövlət kimi bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatırır.
Hazırda günəş və külək enerjisi layihələri uğurla həyata keçirilir. 2027-ci ilin sonuna qədər 2 giqavat, 2032-ci ilin sonuna qədər isə 8 giqavat həcmində yaşıl enerji istehsal gücünün yaradılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji potensialının istifadəyə verilməsi Azərbaycanın yaşıl enerji strategiyasının real nəticələrini nümayiş etdirir. Bununla yanaşı, “Qara dəniz Enerji Kabeli” layihəsi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə elektrik enerjisi bağlantıları ölkəmizin gələcəkdə Avropaya yaşıl enerji ixrac edən əsas mərkəzlərdən birinə çevriləcəyini göstərir. Xəzərin şərq sahilində yerləşən Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji əməkdaşlığı isə Azərbaycanın regional enerji habı kimi mövqeyini daha da gücləndirəcək.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışında diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın enerji siyasətinin artıq təkcə karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmaması, geniş geosiyasi və iqtisadi əməkdaşlıq platformasına çevrilməsi ilə bağlı oldu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Avrasiya məkanında enerji, nəqliyyat və logistika əlaqələrinin formalaşmasında aparıcı rol oynayan ölkələrdən biridir.
Hazırda Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə birlikdə Xəzərin şərq sahillərindən ölkəmizə qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyir. Bu təşəbbüs təkcə alternativ enerji sahəsində əməkdaşlığı deyil, həm də Türk dünyası və daha geniş region daxilində iqtisadi inteqrasiyanın yeni mərhələsini ifadə edir. Layihə gələcəkdə Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq və ölkəmizin enerji habı statusunu daha da möhkəmləndirəcək.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan məsələlərdən biri də Azərbaycanın son illərdə yaratdığı nəqliyyat və logistika imkanları oldu. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri nəticəsində ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm tranzit mərkəzinə çevrilib. Dəmir yollarına, magistral avtomobil yollarına, liman və logistika mərkəzlərinə qoyulan sərmayələr Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində rolunu əhəmiyyətli dərəcədə artırıb.
Bu baxımdan Prezident İlham Əliyevin Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyət göstərdiyini vurğulaması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd etdi ki, yaxın gələcəkdə bu marşrutun mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizi də reallaşacaq. Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq, Avropa ilə Asiya arasında yükdaşımaların sürətini və səmərəliliyini artıracaq strateji layihədir.
Prezident İlham Əliyevin çıxışında ön plana çıxardığı mühüm məqamlardan biri də bütün bu nailiyyətlərin arxasında dayanan enerji diplomatiyası oldu. Azərbaycanın coğrafi baxımdan dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, enerji resurslarını qlobal bazarlara çatdıra bilməsi uğurlu xarici siyasətin nəticəsidir. Dövlət başçısının da vurğuladığı kimi, belə mürəkkəb layihələrin həyata keçirilməsi üçün təkcə qonşularla deyil, qonşuların qonşuları ilə də etibarlı və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmaq tələb olunur.
Son otuz il ərzində Azərbaycan məhz bu diplomatik xətti uğurla həyata keçirərək etibarlı tərəfdaş imici formalaşdırıb. Bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycan qazının 16 ölkəyə çatdırılması ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurların ən parlaq göstəricilərindən biridir. Hər bir ölkə ilə aparılan uzunmüddətli danışıqlar, əldə olunan razılaşmalar və formalaşdırılan tərəfdaşlıq münasibətləri nəticəsində regionun ən böyük enerji əməkdaşlığı platforması yaranıb.
Azərbaycanın bugünkü uğurlarının əsasında yalnız zəngin təbii ehtiyatlar deyil, eyni zamanda strateji baxış, ardıcıl siyasət, etibarlı tərəfdaşlıq və milli maraqlara əsaslanan diplomatiya dayanır. Ölkəmizin təşəbbüsləri və investisiyaları nəticəsində formalaşan bu əməkdaşlıq modeli artıq regional sərhədləri aşaraq Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinin mühüm sütunlarından birinə çevrilib.
Bütün bunlar göstərir ki, Bakı Enerji Həftəsi sadəcə enerji sənayesinin nümayəndələrinin görüş yeri deyil. Bu platforma yeni əməkdaşlıq formatlarının yarandığı, strateji qərarların müzakirə olunduğu və Azərbaycanın qlobal enerji siyasətində artan rolunun nümayiş etdirildiyi beynəlxalq mərkəz funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan fikirlər də məhz Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi enerji, nəqliyyat və regional inteqrasiya strategiyasının əsas istiqamətlərini ortaya qoyur.
