YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

“Azərbaycan uğurlu enerji siyasəti həyata keçirir. Bu siyasət beynəlxalq müstəvidə ölkəmizə böyük nailiyyətlər qazandırır. Bu gün dünyada dövlətimizin enerji siyasətinə maraq olduqca böyükdür. Nüfuzlu ölkələr enerji sahəsində Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə maraqlıdır. Enerji sahəsində keçirilən beynəlxalq tədbirlər də məhz Azərbaycanın davamlı olaraq yüksələn mövqeyinin göstəricisidir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, iyunun 1-də öz işinə başlayan “Bakı Enerji Həftəsi” özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”dur. “Bakı Enerji Həftəsi” 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirib. Bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir. “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Dünya miqyasında tədbirə maraq ildən-ilə artır. Artıq üç onillikdir ki, Bakı dünya enerji gündəliyinin geniş şəkildə müzakirə olunduğu və bu sahədə perspektivlərin müəyyənləşdirildiyi bir məkana çevrilib.

Millət vəkilinin sözlərinə görə, hazırda dünya miqyasında müşahidə edilən reallıqlar fonunda beynəlxalq enerji əməkdaşlığının önəmi heç vaxt olmadığı qədər artıb. Ayrı-ayrı regionlarda geosiyasi və geoiqtisadi gərginliklərin artması, Yaxın Şərqdə, Şərqi Avropada davam edən müharibələr qarşıya yeni çağırışlar çıxarıb. Ənənəvi təchizat mexanizmlərinin pozulması, nəql marşrutlarının təhlükəsizliyinin təmin edilməməsi, siyasi motivlər əsas tutulmaqla bir sıra iri istehsalçılara genişmiqyaslı sanksiyaların tətbiqi yeni, daha etibarlı təchizat mənbələrinə ehtiyacı artırıb. Ona görə də, bu gün Avropa İttifaqı özünün enerji sistemi tarixində şaxələndirmə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır. Bu reallıq fonunda Azərbaycan yeni mənbə kimi diqqət mərkəzinə gəlib.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uğurla davam edir. Əvvəllər bu sahədə əməkdaşlıq neft və neft məhsullarının təchizatını əhatə edirdi. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin açılış mərasimindəki çıxışında 1994-cü ilə nəzər salıb və o dövrdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu xatırladaraq deyib: “Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu”.

Deputat deyib ki, indiyədək keçilən yolda Azərbaycan təchizatçı ölkə olaraq bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Eyni zamanda, biz bilirik ki, bəzi təchizatçı ölkələr malik olduqları resurslardan istehlakçılara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Respublikamız isə belə yanaşmalardan uzaqdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti ədalət prinsipinə əsaslanır və bu da hazırkı və potensial partnyorlarda ölkəmizə inamı atırır.

Müasir nəql marşrutuna malik olması beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Azərbaycan bir sıra təchizatçı ölkələrdən fərli olaraq şaxələndirlmiş nəql infrastrukturuna malikdir. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Dövlətimizin başçısı bəhs olunan marşrutu belə səciyyələndirib: “Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir”.

“Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-a çatıb və bu, hələ də son deyil. Respublikamızdan qaz tədarük edən ölkələrin 12-i Avropada yerləşir. 10 ölkə Avropa İttifaqının üzvüdür. Digər tərəfdən, ölkəmiz Avropaya “yaşıl enerji” ixrac etməyə hazırlaşır. Bütün bunlar ölkəmizə iqtisadi dividentlər qazandırmaqla yanaşı, siyasi nüfuzuna da əhəmiyyətli təsir edən amillərdən biridir. Prezident İlham Əliyevin dediyi kimi, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu dəhlizin açılması ölkəmizə yeni dividentlər qazandıracaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb. 

Pərvin Kərimzadə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Kir Starmerin “Bakı Enerji Həftəsi”nin başlanması münasibətilə məktubları da ölkəmizin enerji siyasətinə verilən böyük önəmdir.