Xəbərlər
Kataniyada Azərbaycanın fəxri konsulluğu açılıb
İtaliyanın Siciliya bölgəsində yerləşən Kataniya şəhərində Azərbaycanın Siciliya və Kalabriya bölgələri üzrə fəxri konsulluğunun açılış mərasimi keçirilib.
Tədbirə Siciliya və Kalabriya regionlarının rəsmi nümayəndələri, burada akkreditə olunmuş baş konsulluqların təmsilçiləri, habelə adıçəkilən bölgələrə təyin olunmuş müxtəlif ölkələrin fəxri konsulları, ictimai xadimlər, iş adamları, jurnalistlər qatılıblar.
Mərasimdə çıxış edən Kataniya şəhərinin vitse-meri Marko Konsoli Azərbaycanın fəxri konsulluğunun məhz bu şəhərdə açılmasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, bu hadisə regionun iqtisadi və sənaye mərkəzi olan Kataniya ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin Siciliya və Kalabriya bölgələri üzrə fəxri konsulluğunun açılmasını önəmli hadisə kimi qiymətləndirib. Dərin köklərə malik Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu xatırladan səfir münasibətlərimizin tarixi ilə bağlı məqamlara toxunub. O, 1972-ci ildə Bakı ilə Neapolun qardaşlaşdığını xatırladıb, ölkələrimizin mədəni bağlarının dinamik inkişafından söz açıb. Bildirib ki, bu gün də Azərbaycan ilə İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir.
Səfir siyasi əlaqələrlə yanaşı, ölkələrimiz arasında iqtisadi münasibətlərin də ürəkaçan olduğunu vurğulayıb. V.Sadıqov son illər İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektoruna böyük maraq göstərdiklərini xüsusi qeyd edib.
Səfir Azərbaycanın İtaliyanın regionları ilə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib, bu baxımdan İtaliyanın cənub bölgəsində fəxri konsulluğumuzun açılmasının əhəmiyyətli addım olduğunu deyib. Əminliklə vurğulayıb ki, qurum bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.
V.Sadıqov fəxri konsul Domeniko Kokoya öz fəaliyyəti ilə İtaliyada Azərbaycanı dəstəklədiyinə görə minnətdarlığını bildirib və ona işlərində uğurlar arzulayıb.
Mərasim iştirakçıları ilə təəssüratlarını bölüşən Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko belə bir ada layiq görüldüyü üçün şərəf duyduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını minnətdarlıqla qarşıladığını deyib. Bildirib ki, gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın tərəqqisinə töhfə verməyə hazırdır. D.Koko xüsusilə təmsil etdiyi regionun iş adamları ilə azərbaycanlı iş adamları arasında daha sıx əlaqələrin qurulması üçün səylə çalışacağını vurğulayıb.
Daha sonra İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi, ölkəmizin Maltadakı fəxri konsulu Kristian Balzan, İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin həmsədri Dündar Keşaplı və digər çıxışçılar təmsil etdikləri qurumların fəaliyyətindən, Azərbaycanın iqtisadi inkişafının və mədəni zənginliklərinin təbliği istiqamətində görülən işlərdən danışıblar.