Xəbərlər
“Heydər Əliyev müasir Azərbaycanın memarıdır”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Ağdam rayonunun Dörd Yol qəsəbəsində yerləşən Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ümummilli Lider öz müstəsna fəaliyyəti ilə ölkə tarixində silinməz iz qoymuş, xalqın yaddaşında uzaqgörən lider və böyük dövlət xadimi kimi əbədi yaşayır. Qeyd olunub ki, 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin edərək dövlətçiliyin əsaslarını möhkəmləndirmiş və müasir Azərbaycanın inkişafının təməlini qoymuşdur.
Həbib Misirov vurğulayıb ki, bu gün Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, torpaqlarımız işğaldan azad edilmiş, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuşdur.
Diqqətə çatdırılıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, əhali doğma torpaqlarına qayıdır.
Məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Yaşar Quliyev, müəllimlər Yaqut Osmanova, Xaləddin Hüseynov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə müasir məktəblər və təhsil kompleksləri tikilərək istifadəyə verilir, həmin bölgələrdə təhsil həyatı yenidən canlanır.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənən bir qrup fəal üzv fəxri fərmanlarla təltif olunub.
