YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Latviya modeli: strateji yanaşma və ortaq hədəflər

Nigar Məmmədova

Milli Məclisin deputatı

Geosiyasi baxımdan mühüm regionlarda yerləşən Azərbaycanla Latviya arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan strateji əhəmiyyət kəsb edir. İkitərəfli əlaqələrin inkişafı regional və beynəlxalq kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevlə Latviya dövlət başçısı Edqars Rinkeviçs arasında baş tutan görüşlər, əldə olunan razılaşmalar əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bakı və Riqa arasında diplomatik münasibətlər 30 ildən çoxdur qurulub. E.Rinkeçvin ölkəmizə səfəri isə əlaqələrin daha nəticəyönümlü mərhələyə keçdiyini nümayiş etdirdi. Xüsusilə Avropa strukturları çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə mövzularından biri oldu.

Bakıda aparılan müzakirələrin əsas istiqamətlərindən biri də iqtisadi sahədə əməkdaşlıq perspektivləri idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa üçün strateji tərəfdaş rolu dövlət başçılarının görüşündə bir daha vurğulandı. Latviya tərəfi də öz növbəsində logistika, nəqliyyat və liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi. Bu, Avropa bazarına çıxış imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Latviya Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görür.

Birgə biznes forum isə hər iki ölkənin iş adamlarını, investorlarını və rəsmi nümayəndələrini bir araya gətirərək qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparmağa imkan yaratdı.

Azərbaycanın Orta Dəhlizdə artan rolu və Latviyanın Baltik regionunda tranzit qovşağı kimi mövqeyi bu sahədə sinerji yaradır və yeni ticarət marşrutlarının inkişafına təkan verir. Dövlət başçılarının bəyanatından da aydın oldu ki, bu platforma vasitəsilə formalaşan tərəfdaşlıqlar hər iki ölkənin iqtisadi inkişafına və regional inteqrasiyaya mühüm töhfə vermək potensialına malikdir.

Görüşün diqqətçəkən məqamlarından biri də regional təhlükəsizlik məsələləri oldu. Azərbaycanın post-münaqişə dövründə atdığı addımlar, xüsusilə sülh gündəliyi və Ermənistanla normallaşma prosesi barədə Latviya tərəfinə ətraflı məlumat verildi. Bu kontekstdə rəsmi Bakı beynəlxalq tərəfdaşlara verdiyi mesajları bir daha təkrarlayaraq regionda dayanıqlı sabitliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Dövlət başçımızın da vurğuladığı kimi, “məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz.”

Humanitar və mədəni əlaqələrin inkişafı da Bakı ilə Riqa arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Belə ki, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi siyasi və iqtisadi işbirliyinin davamı kimi iki ölkə xalqları arasında daha sıx əlaqələrin qurulmasına xidmət edir. Ümumiyyətlə, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, daha geniş coğrafiyada sabitlik və rifahın təmin olunmasına töhfə verir.

DİGƏR Xəbərlər Arxiv