Xəbərlər
Oğuz rayonunda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu təşkil edilib.
Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Yarışda rayonun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 24 komanda iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova və digərləri çıxış edərək bildiriblər ki, Heydər Əliyevin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycan çətin tarixi mərhələləri uğurla geridə qoyaraq güclü və sabit dövlətə çevrilib. Bildirilib ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə sosial-iqtisadi inkişafın, o cümlədən regionların tərəqqisinin əsasını təşkil edir.
Eyni zamanda vurğulanıb ki, Ümummilli Liderin təhsilə və gənclərin inkişafına verdiyi önəm bu gün də prioritet istiqamətlərdəndir. “Təhsil millətin gələcəyidir” prinsipi əsasında ölkədə peşəkar və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirilir.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib.
Nəticələrə əsasən, I yerə M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin komandası, II yerə N.İbrahimli adına Oğuz şəhər 3 saylı məktəb-liseyin komandası, III yerə isə E.Abdullayev adına Oğuz şəhər 2 saylı Texniki-Təbiət təmayüllü liseyin komandası layiq görülüb.
Qaliblər diplom və kuboklarla təltif olunublar.
