Xəbərlər
Azərbaycanın strateji əməkdaşlıq coğrafiyası genişlənir və inkişaf edir
Əli Hüseynli
Milli Məclisin deputatı
2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri və iki ölkə başçısının səfərin yekunları ilə bağlı mətbuata verdikləri bəyanatlar rəsmi Bakı ilə Riqa arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. Bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Azərbaycanın strateji əməkdaşlıq coğrafiyasının genişlənməsi kontekstində mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Azərbaycanın strateji tərəfdaşlıq xəritəsinin genişlənməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak etməklə müxtəlif regionlar arasında körpü rolunu gücləndirməsi ilə şərtlənir. Latviyanın Prezidenti Edqars Rinkeviçsin səfəri də məhz bu strateji xəttin davamı kimi çıxış edir. Baltik regionunun mühüm ölkələrindən biri olan Latviyanın Azərbaycanla münasibətlərə artan marağı rəsmi Bakının Avropa istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir.
Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etmişdir ki, Azərbaycan ilə Latviya arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlər yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, logistika və enerji sahələrində də real əməkdaşlıq layihələri ilə zənginləşir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol getdikcə artır. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji resurslarının nəqli Bakının geosiyasi əhəmiyyətini daha da yüksəldir. Enerji və nəqliyyat beynəlxalq əməkdaşlığın əsas sütunlarını təşkil edir. Latviyanın bu kontekstdə Azərbaycanla işbirliyinə maraq göstərməsi enerji şaxələndirilməsi siyasətinin tərkib hissəsidir.
Eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın tranzit imkanlarının genişlənməsi Baltik regionu ilə əlaqələrin inkişafı üçün yeni perspektivlər açır. Latviya limanlarının Azərbaycan üzərindən Orta Asiya və Çin bazarlarına çıxışı, həmçinin Azərbaycanın Avropa bazarlarına çıxışının şaxələndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət nümayiş etdirərək, qlobal və regional təhlükəsizlik məsələlərində siyasi dialoq və beynəlxalq platformalarda əməkdaşlıq üzərindən oxşar mövqelərdən çıxış edir. Bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-Latviya münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Latviya Azərbaycanın Avropa strukturları ilə inteqrasiyasına dəstək verən ölkələrdən biri kimi çıxış edir. Bu isə Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxtərəfli əməkdaşlıq modelinin uğurla həyata keçirildiyini göstərir.
İkitərəfli münasibətlərin inkişafında humanitar və mədəni əlaqələr də mühüm rol oynayır. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Bu kontekstdə tələbə mübadiləsi proqramları və birgə mədəni layihələr xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Latviya Prezidentinin Azərbaycana səfəri və dövlət başçılarının verdikləri bəyanatlar göstərir ki, Azərbaycan beynəlxalq arenada öz strateji mövqelərini ardıcıl şəkildə gücləndirir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkənin əməkdaşlıq coğrafiyasını genişləndirərək onu Avropa ilə Asiya arasında mühüm siyasi və iqtisadi mərkəzə çevirir. Bu baxımdan, Edqars Rinkeviçsin Bakıya rəsmi səfəri yalnız ölkələrimiz arasında münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın qlobal miqyasda artan rolunun və nüfuzunun bariz göstəricisi kimi qiymətləndirilməlidir.
