YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Antalya Diplomatiya Forumunda Azərbaycanın diplomatik təşəbbüsləri uğurla təqdim olunub

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Bu gün Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə  ən parlaq dövrünü yaşayır. İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmiz beynəlxalq tədbirlərdə, sadəcə, iştirakçı qismində deyil, strateji baxışları böyük maraq doğuran aparıcı ölkə kimi çıxış edir. Azərbaycanın beynəlxalq aləmdə nə dərəcədə arzulanan və etibarlı tərəfdaş olduğunu Münxendən Davosa, Şanxaydan Antalyaya qədər uzanan diplomatik coğrafiya bir daha təsdiqləyir. Cənab Prezidentin uğurlu strategiyası və ölkəmizin beynəlxalq platformalarda xüsusi fəallığı Azərbaycanı dünya siyasətinin mühüm aktorlarından birinə çevirib. Regional və qobal müstəvidə Azərbaycanın artan rolu və nüfuzu dövlətimizi bəşəriyyəti narahat edən problemlərin həllində açar ölkə statusuna yüksəldib.

Bu ilin aprelin 17-19 tarixində qardaş Türkiyədə dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumu öz işinə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi foruma 150 ölkədən 500-dən çox yüksəksəviyyəli rəsmi şəxs qatılıb. Dövlət başçılarının təxminən yarısı Avropa və Afrika ölkələrini təmsil edir. Aprelin 19-dək davam edən forumda üç gün ərzində akademiklər və tələbələr də daxil olmaqla, ümumilikdə 5 min nəfərin iştirak etdiyi qeyd edilir.

Forumun keçirildiyi gün Azərbaycan Prezidenti İlham Əliyev Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrimizin inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib. Dövlətimizin başçısının Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla da görüşü olub. Görüşdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub. Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd olunub.

Forum çərçivəsində Prezident İlham Əliyevin görüşdüyü liderlərdən biri də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa olub. Dövlət başçıları enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunaraq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edib. Prezident İlham Əliyev Antalyada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə də görüşüb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır.

Diplomatik uğurlarımız düşünülmüş və milli maraqlara söykənən strateji kursun məntiqi yekunudur. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipiallıq Azərbaycanı qlobal qeyri-müəyyənliklər dövründə bəşəri təşəbbüslərlə çıxış edən ən etibarlı tərəfdaşa çevirir. Bu gün beynəlxalq sənədlərdə dövlətimizin imzası təkcə tərəfdaşlığın təsdiqi deyil, həm də yeni dünya nizamının formalaşmasında mühüm bir iradənin təzahürüdür. Bu gün dünya paytaxtları və beynəlxalq təşkilatlar hər hansı regional və ya qlobal layihəni Azərbaycanın rəyi və iştirakı olmadan təsəvvür etmirlər. Bu da Azərbaycanın artan rolu və nüfuzunun göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv