Xəbərlər
İkitərəfli əlaqələr möhkəm təməl üzərində inkişaf edir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri Azərbaycanla Gürcüstan arasında münasibətlərin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu səfər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və qarşıda duran vəzifələrin dolğun şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışlarında, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı, xüsusilə nəqliyyat və enerji layihələrinin əhəmiyyətini vurğuladı. Bu sahələrdə həyata keçirilən birgə təşəbbüslər regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır.
Gürcüstanın coğrafi mövqeyi – Azərbaycan ilə Qara dəniz və Avropa arasında körpü rolunu oynaması – bu ölkəni strateji tərəfdaşa çevirdi.Enerji sahəsində Azərbaycan və Gürcüstan uzun illərdir etibarlı tərəfdaş kimi çıxış edir. Reallaşdırılan iri layihələr nəticəsində Azərbaycan öz enerji resurslarını beynəlxalq bazarlara təhlükəsiz və şaxələndirilmiş marşrutlarla çıxarır, Gürcüstan isə mühüm tranzit ölkə kimi strateji mövqeyini gücləndirir. Bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.Azərbaycan-Gürcüstan enerji əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Alternativ enerji marşrutlarının mövcudluğu Avropanın enerji mənbələrini diversifikasiya etməsinə və tədarük risklərini azaltmasına imkan yaradır.
Nəqliyyat sahəsində isə Orta Dəhlizin inkişafı xüsusi diqqət mərkəzindədir. Azərbaycan və Gürcüstan bu istiqamətdə səylərini birləşdirərək Asiya ilə Avropa arasında ən qısa və səmərəli marşrutun formalaşdırılmasına töhfə verirlər. Bu isə region ölkələrinin iqtisadi potensialının artmasına və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır
Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Bu, iki ölkə arasında tərəfdaşlığın daha da dərinləşəcəyini və konkret nəticələrə yönələcəyini göstərir.Eyni zamanda humanitar və mədəni sahələrdə əməkdaşlıq da diqqət mərkəzində saxlanılır. Xalqlar arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərin möhkəm təməlini təşkil edir və bu istiqamətdə görülən işlər strateji tərəfdaşlığın davamlılığını təmin edir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dinamik inkişaf etdiyini və yeni mərhələdə daha geniş perspektivlərə malik olduğunu təsdiqləyir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq regionda sabitlik, inkişaf və inteqrasiyanın mühüm dayaqlarından biri olaraq qalmaqdadır.Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək, aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.
