Xəbərlər
Sabitlik və inkişaf naminə birgə fəaliyyət
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Cənubi Qafqaz regionu son illərdə sürətlə həm geosiyasi, həm də iqtisadi transformasiya mərhələsindən keçir. Gürcüstanın nümayiş etdirdiyi dinamik inkişaf modeli bu dəyişikliklər fonunda xüsusi diqqətə layiqdir. Ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması, xarici investisiyaların cəlbi və tranzit potensialının gücləndirilməsi Gürcüstanı regionun əsas iqtisadi aktorlarından birinə çevirib. Bu inkişafın mühüm dayaqlarından biri isə qonşu Azərbaycan ilə qurulan sıx və strateji əməkdaşlıqdır.
Son illərdə Gürcüstan iqtisadiyyatında müşahidə olunan sabit artım ölkənin düzgün seçilmiş inkişaf strategiyasının nəticəsidir. İnfrastruktur layihələrinin genişləndirilməsi, gömrük və vergi sistemində aparılan islahatlar, sahibkarlığın təşviqi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq Gürcüstanı investorlar üçün cəlbedici məkana çevirib. Xüsusilə logistika və nəqliyyat sahəsində əldə olunan nailiyyətlər bu ölkəni Avropa ilə Asiya arasında mühüm körpü rolunda çıxış etməyə imkan verir. Gürcüstanın bu mövqeyi isə ilk növbədə Azərbaycanla birgə həyata keçirilən iri layihələrin nəticəsidir. Enerji və nəqliyyat sahəsində formalaşmış əməkdaşlıq modeli regionda inteqrasiyanın ən uğurlu nümunələrindən biri hesab olunur.
Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsas sütunlarından biri enerji sektorudur. SOCAR-ın Gürcüstandakı fəaliyyəti bu ölkənin enerji təminatında mühüm rol oynayır. Azərbaycan qazı Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas mənbələrdən biridir.Bundan əlavə, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyətli layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun əhəmiyyətini artırıb. Bu layihələr sayəsində Cənubi Qafqaz enerji xəritəsində mühüm yer tutmağa başlayıb və Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas marşrutlardan birinə çevrilib.
Regionda iqtisadi inteqrasiyanın güclənməsində nəqliyyat layihələrinin rolu danılmazdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu dəmir yolu xətti vasitəsilə yüklərin daha sürətli və təhlükəsiz daşınması təmin olunur, eyni zamanda Orta Dəhlizin funksionallığı artır. Bu layihə Çin və Orta Asiyadan Avropaya uzanan ticarət yollarının mühüm hissəsinə çevrilərək region ölkələrinin iqtisadi imkanlarını genişləndirir. Gürcüstanın tranzit ölkə kimi rolu bu layihələr sayəsində daha da güclənir və ölkənin beynəlxalq əhəmiyyəti artır.
Prezident İlham Əliyevin Gürcüstana son səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər və aparılan danışıqlar göstərdi ki, tərəflər mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Görüşlərdə enerji, nəqliyyat və ticarət sahələri ilə yanaşı, yeni istiqamətlər – yaşıl enerji, rəqəmsal transformasiya və innovasiya sahələri də xüsusi diqqət mərkəzində olub. Azərbaycanın yaşıl enerji strategiyası ilə Gürcüstanın hidroenerji potensialının uzlaşdırılması regionda alternativ enerji mənbələrinin inkişafına təkan verə bilər. Bu isə həm iqtisadi, həm də ekoloji baxımdan mühüm nəticələr vəd edir.
Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. İki ölkə arasında mövcud olan siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyevin səfəri zamanı regionda sülh və sabitliyin qorunması məsələləri də geniş müzakirə olunub. Bu əməkdaşlıq modeli Cənubi Qafqazda sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan-Gürcüstan tərəfdaşlığı regionda qarşılıqlı faydalı əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin nümunəsi kimi çıxış edir.
İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı investisiyalar, birgə müəssisələrin yaradılması və biznes forumlarının keçirilməsi iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Gürcüstana son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir. Gürcüstanın dinamik iqtisadi inkişafı və Azərbaycanın artan iqtisadi gücü bu əməkdaşlığı daha da əhəmiyyətli edir. Azərbaycan-Gürcüstan münasibətləri təkcə iki ölkənin deyil, eyni zamanda Cənubi Qafqaz regionunun inkişafı, sabitliyi və rifahı üçün mühüm təminat kimi çıxış edir, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa əsaslanır.
