Xəbərlər
Strateji tərəfdaşlığın uğurlu modeli
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Cənubi Qafqazın geosiyasi mənzərəsində Azərbaycan–Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər yalnız qonşuluq əlaqələri deyil, eyni zamanda dərin siyasi etimad və ortaq strateji maraqlara əsaslanan əməkdaşlıq modelidir. Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və mətbuata bəyanatında səsləndirilən fikirlər münasibətlərin mahiyyətini və gələcək istiqamətlərini ortaya qoyub.
Birgə mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycan–Gürcüstan münasibətlərinin səviyyəsini yüksək qiymətləndirərək bildirdi ki: “Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir, biz dost, qonşu və strateji tərəfdaşıq.” Bu fikir təkcə diplomatik bəyanat deyil, illər ərzində formalaşmış real əməkdaşlığın siyasi təsdiqidir. Prezident eyni zamanda vurğuladı ki: “Bizim əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin əsas amillərindən biridir.” Bu mesaj xüsusilə bugünkü mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda sabitliyin qorunması məhz belə etibarlı tərəfdaşlıqlardan keçir.
Mətbuat konfransında səsləndirilən əsas məqamlardan biri də iqtisadi əməkdaşlığın genişləndirilməsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki: “Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri təkcə ölkələrimiz üçün deyil, geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyır.” Bu fikirlər Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Orta Dəhliz kimi layihələrin strateji mahiyyətini bir daha ön plana çıxarır. Prezident həmçinin gələcəkdə yaşıl enerji və alternativ enerji mənbələri üzrə əməkdaşlığın genişlənəcəyini də diqqətə çatdırdı.
Mətbuat konfransında xüsusi vurğulanan məsələlərdən biri də Orta Dəhlizin əhəmiyyəti oldu. Prezident İlham Əliyev qeyd etdi ki: “Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında mühüm nəqliyyat körpüsüdür.” Bu yanaşma regionun qlobal iqtisadi sistemdə rolunun artdığını göstərir. Artıq Azərbaycan–Gürcüstan tandemi sadəcə regional əməkdaşlıq çərçivəsini aşaraq beynəlxalq logistika və enerji təhlükəsizliyi sisteminin mühüm elementi kimi çıxış edir.
Azərbaycan Prezidentinin çıxışında iki ölkənin bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyini də xüsusi qeyd etdi. Bu isə münasibətlərin ən mühüm sütunlarından biri kimi diqqət çəkir. “Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.” Bu bəyanat qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ən güclü göstəricilərindən biridir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər dərin strateji baxışa əsaslanır. Bu əməkdaşlıq regionda sabitliyin təmin olunmasına, iqtisadi inkişafın sürətlənməsinə və Cənubi Qafqazın qlobal əhəmiyyətinin artmasına xidmət edir.
