Xəbərlər
Qazaxda tədbir keçirilib
2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bağanıs Ayrım qətliamının 36-cı ildönümünə həsr olunmuş “Bağanıs Ayrım qətliamı müdrik xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə tər güllər düzüb, şəhidlərin ruhlarına dualar oxuyublar.
Öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax RİH başçısının müavini Gülayə Həsənova, Bağanıs Ayrım kənd sakinləri, qətliamın canlı şahidləri Səməd Ocaqverdiyev, İlham Məhərrəmov, şəhid atası Elxan Abdullayev, partiya veteranları Gülnaz Əlişanova, Ramil Qurbanov və şair Cavanşir Rüstəm çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, azadlıq, müstəqillik və suverenlik uğrunda xalqımız ağır sınaqlardan keçib, çoxsaylı faciələrlə üzləşib. Bu faciələrdən biri də 1990-cı il martın 24-də erməni silahlı birləşmələri tərəfindən törədilən Bağanıs Ayrım qətliamıdır. Ötən əsrin sonlarında Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində Qazaxın Bağanıs Ayrım kəndində vandalizm aktları törədilib, evlər yandırılıb, talan edilib.
Natiqlər bildiriblər ki, artıq ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub, qazanılan qələbələr və əldə edilən uğurlar hər birimizdə qürur hissi doğurur. Vurğulanıb ki, qüdrətli Azərbaycan regionun lider dövlətinə çevrilib, bütün bu nailiyyətlər xalq-iqtidar-ordu birliyinin təzahürüdür.
