YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər iki tərəfin ortaq maraqlarını əks etdirən əməkdaşlıq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ölkəmizdə səfərdə oldu. Hər bir səfərin münasibətlərin inkişafında əhəmiyyətli rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev keçirdiyi görüşlərdə, mətbuata bəyanatında səfərin ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etdi. Bildirdi ki, biz Sizin səfərinizə çox böyük önəm veririk. Səfər  xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bəzi iqtisadi göstəricilərə nəzər salan cənab İlham Əliyev vurğuladı ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır: “Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”.

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Antonio Koşta mətbuata bəyanatında qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır: “Biz həqiqi sülhün təkcə siyasi razılaşmalar, Sizin dediyiniz kimi kağız üzərində yox, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik. Qarşılıqlı iqtisadi asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan birmənalı yoldur və Avropa İttifaqı hamının faydası üçün bu imkanlardan yararlanmağa kömək etməyə hazırdır. Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir”.

Avropa İttifaqı Şurasının Prezidenti onu da əlavə etdi ki, bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir. Biz, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq.

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın quruma üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir.  Aİ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək. Dövlət başçısı İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın qəbul etdikləri birgə mətbuat bəyanatında əlaqələrimizin gələcək inkişafı özünün aydın ifadəsini tapır. Qeyd edilir ki, Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.