Xəbərlər
Pirallahı rayonunda iftar süfrəsi təşkil olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatı tərəfindən müqəddəs Ramazan ayı münasibətilə “Azərbaycanda dini tolerantlıq və Ramazan” mövzusunda iftar süfrəsi təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov müqəddəs Ramazan ayının cəmiyyətimizdə mənəvi dəyərlərin, mərhəmət və həmrəylik ənənələrinin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib. O bildirib ki, Ramazan ayı insanları xeyirxahlığa, yardımlaşmaya və birliyə səsləyən müqəddəs aydır.
Emil Abasov vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Pirallahı məscidinin imamı Mübariz Rəhimov müqəddəs Ramazan ayının cəmiyyətimizdə birlik, həmrəylik və mərhəmət kimi ali dəyərlərin təbliğində mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam əsaslar üzərində qurulub və ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri uğurla qorunur.
Tədbir çərçivəsində Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin qızının doğum günü münasibətilə ona hədiyyə təqdim olunub.
Rayonda yaşayan şəhid ailələri, qazilər və aztəminatlı ailələrin iştirak etdiyi iftar süfrəsi zamanı ölkəmizin rifahı, dövlətimizin qüdrətinin daha da artması və xalqımızın firavanlığı naminə dualar edilib.
