Xəbərlər
Sülh razılaşması regionun gələcəyi üçün yeni imkanlar açır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi daim yeni dostlar, tərəfdaşlar qazanmasında, beynəlxalq təşkilatlarla əlaqələrinin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından sonra Azərbaycanın artan nüfuzu, siyasi çəkisi göz qabağındadır.
Martın 11-də ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşlərdə, mətbuata birgə bəyanatlarında dövlət başçısı İham Əliyev Azərbaycanın enerji və nəqliyyat imkanlarının açdığı perspektivlərdən bəhs etdi. Bu fikir xüsusi qeyd edildi ki, tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.
Prezidentlər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə etdilər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.
Yeni geosiyasi reallıq nəqliyyat və logistika sahəsində də mühüm perspektivlər açır. Cənab İlham Əliyev vurğuladı ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Lakin bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. Müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir.
Prezidentlər qəbul etdikləri mətbuat bəyanatında münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklərini vurğuladılar. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibliyini qeyd etdilər. Tərəflər ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışladılar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndirdilər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi. Bildirdi ki, Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır.
