YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sülh və təhlükəsizlik

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan-Avropa İttifaqı əlaqələri  bu gün müxtəlif səviyyələrdə fəal mərhələyə daxil olub. Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirdiyi görüşlərdə, mətbuata birgə bəyanatlarında əlaqələrimizin yüksələn xətlə inkişafını, yeni mərhələyə qədəm qoymasını şərtləndirən amilləri diqqətə çatdırdı. Reallıq budur ki, qarşılıqlı səfərlərin dinamikliyi, siyasi dialoqun dərinləşməsi və iqtisadi əlaqələrin genişlənməsi tərəflərin göstərdiyi səylərin təqdimatıdır. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, biz Sizin səfərinizə çox böyük önəm veririk. Səfər  indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik: “Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”.

Qeyd edilən sənədin imzalanmasından ötən dövr ərzində  Azərbaycan həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracını artırıb.  Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Enerji əməkdaşlığının genişlənməsi yalnız mövcud ehtiyatların ixracı ilə məhdudlaşmır. Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir: “Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq”.

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Azərbaycan  külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Enerji və iqtisadi əlaqələrlə yanaşı, regionda sülh və təhlükəsizliyin təmin  olunması da Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gündəliyində mühüm yer tutur. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd etdi ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.

Prezidentlərin görüşündə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı vurğulandı. Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər önə çəkilərək   Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.