YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı – Azərbaycanın qanlı tarixi

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Rusiya hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirərək azərbaycanlıları qovub çıxarmağa başlamışdılar. 1991-ci ilin sentyabrında Qarabağda qeyri-qanuni bir qurum – Dağlıq Qarabağ Respublikası yaradılmışdı. Beynalxalq ictimaiyyət tərəfindən heç bir müqavimətə rast gəlməyən ermənilər get-gedə daha da azğınlaşmışdılar.

Düşməndən müdafiə olunmaq üçün bir sıra rayon və şəhərlərdə tərkibi yerli əhalidən formaladırılmış özünümüdafiə batalyonları yaradılmışdı. Formal şəkildə ordu bölmələri təşkil olunsa da onun lazımınca silah-sursatı, ərzaqı və geyimi yox idi. Orduda ciddi nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələrə satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi. Fərariliyə qarşı ciddi mübarizə aparılmırdı.

“Azərbaycan Respublikası Silahlı Qüvvələr haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırmaq tələblərinə baxmayaraq Rusiya hərbiçiləri mümkün olan hər şeyi respublikadan çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar.

Belə bir şəraitdə erməni hərbi hissələri Rusiya qoşunlarının himayəsi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumları genişləndimişdilər. Fevralın ortalarında düşmən bir az da azğınlaşaraq güclü hücumlara başlamışdı. Şəhər və kəndlərimiz viran edilir, yüzlərlə insan vəhşicəsinə öldürülür, sağ qalanlar isə əsir götürülürdü. O dövrdə bəzi kəndlər mühasirəyə alınmışdı.

Xocalı şəhəri də uzun müddət mühasirədə olmuş, şəhərin müdafiə işləri lazımınca təşkil edilməmişdi. Xocalı özünümüdafiə batalyonu heç bir zirehli texnika ilə silahlanmamışdı. Ona digər batalyondan cəmi 20 nəfərdən ibarət minaatanlar batareyası kömək edirdi. Uzun müddət düşmən əhatəsində qalmış şəhərə respublika rəhbərliyi lazımi kömək göstərmirdi. Rəhbərlik erməni və rus hərbi birləşmələrinin geniş hücuma hazırlığı haqqında məlumat almış olsa da əhalini təhlükəsiz yerlərə köçürtmürdü. Belə bir laqeydlik Fevralın sonunda Xocalı faciəsinin törədilməsinə gətirib çıxartdı. Xocalının strateji hədəf seçilməsi təsadüfi deyildi. Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm əhəmiyyət kəsb edirdi. Cəmi 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr aralı Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Şəhərin strateji əhəmiyyətini artıran amillərdən biri də Qarabağdakı yeganə aeroportun Xocalıda olması idi.

Fevralın 25-də axşam saat 9-da erməni hərbi birləşmələri, Rusiya ordusunun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı və xarici ölkələrdən gətirilmiş muzdlular mühasirədə olan Xocalıya hücum etdilər. İlk zərbə şəhərin yaxınlığındakı hava limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar da, mərdliklə vuruşdular. Qüvvələr bərabər olmadığı üçün müdafiəçilər hava limanının dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədilər.

Güclü artilleriya hazırlığı görmüş düşmən tankları, zirehli maşınlar şəhərə soxulduqdan sonra küçə döyüşləri başlandı. Özünü müdafiə batalyonunun döyüşçüləri üç gün, üç gecə son nəfəsədək döyüşüb, düşməni azdıraraq onlarca adamın mühasirədən çıxmasına imkan yarada bildilər.

Döyüşlərdə xüsusilə fərqlənən milis mayoru Əlif Hacıyev yaralanaraq həlak oldu. Cəsur komandir Tofiq Hüseynov düşmənə təslim olmayaraq özünü güllələdi. Ölümlərindən sonra hər ikisinə Azərbaycanın milli qəhrəmanı adı verildi.

Xocalı döyüşündə yüzlərlə insan həlak oldu, xeyli insan yaralandı və əsir götürüldü. Şəhər od vurub yandırıldı. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar və uşaqlar Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə keçirən qadınların çoxunu don vurdu, yaralıların bir hissəsi dözə bilməyib öldü. Meşədən çıxarkən onlar pusquda durmuş ermənilər tərəfindən gülləbaran edildilər. Yüzlərlə köməksiz qadın, qoca, uşaq həlak oldu. Xilas olaraq qonşu kəndə getməyə çalışan qaçqınları da düşmən mühasirəyə alıb atəşə tutdu. Erməni quldur dəstələri əsir götürülən yaralılara işgəncə verir, meyidləri eybəcer hala salır, qadın və qızları təhqir edirdilər.

Xocalı soyqırımı dövrümüzün ən dəhşətli faciələrindən biri oldu. Bu faciə ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə ermənilər bir gecənin içində bütün şəhəri yerlə yeksan etmişdilər. O gecə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüşdü, 1275 insan əsir götürülərək işgəncələrə məruz qalmışdı. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 8 ailə tamamilə məhv edilmişdi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdi.

Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı aparılmış etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin daha bir nümunəsi, təvavüzkar erməni millətçilərinin əsrlərlə Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin növbəti qanlı səhifəsi idi.

Xocalı soyqırımına ilk siyasi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verildi.

Heydər Əliyev bəyan edirdi ki, Xocalı soyqırımı təkcə orada yaşayan insanlara qarşı deyil, həm də bütöv Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktıdır. Ermənilər Xocalı sakinlərini məhz azərbaycanlı olduqları üçün kütləvi şəkildə məhv etmək kimi cinayətə əl atmışdılar.

1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.

Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ulu öndər 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzaladı.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Onun yaratdığı “Xocalıya ədalət!” kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya çatdırdı. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Azərbaycandan başqa, Xocalını tam səviyyədə soyqırım kimi Pakistan və Sudan, parlament səviyyəsində Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul etmişdilər.

Heydər Əliyev bütün çıxışlarında həmişə Xocalının azad ediləcəyini bildirirdi. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Heydər Əliyevin dedikləri reallaşdı. Bu gün artıq Xocalı yenidən qurulur, Xocalı sakinləri öz doğma evlərinə qayıdırlar.