Xəbərlər
Vəhşiliyin görünməmiş təzahürü
“İki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 34 il keçir. Zaman hadisələrin düzgün dəyərləndirilməsində, təhlilində zəngin mənbədir. Xocalı faciəsi yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 insan şikəst olub. 1275 insan əsir götürülüb. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Bu cinayət aktı beynəlxalq aləmdə öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi: “1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Onu da qeyd edək ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında isə Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur”.
Malik Həsənov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, eləcə də bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyuldu. 2023-cü ilin 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi” söylərək onu da əlavə etmişdir ki, bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik. Hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi”.
Millət vəkili bildirib ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Böyük Qayıdış Proqramı uğurla icra edilir: “Digər azad edilmiş ərazilərimiz kimi, Xocalı şəhəri, həmçinin kəndlər yenidən qurulur, bərpa edilir. Xocalı şəhəri çox qısa zamanda, 8 ay ərzində sakinlərinə qovuşdu. 2024-cü ilin 28 May-Müstəqillik Günündə Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən ilk sakinlərlə görüşdülər. Sakinlərlə söhbət zamanı dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır. Cənab İlham Əliyevin ötən dövr ərzində Xocalıya 11 səfəri olub. Hər bir səfər zamanı mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Bərpa-quruculuq işlərinin miqyası Böyük Qayıdışın davamlılığında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev ötən il sentyanrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Bu görüş də tariximizin qürurverici səhifələrindən oldu. Belə ki, dövlətimizin başçısı İlham Əliyev görüşdə bir daha bildirdi ki, əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Ən önəmlisi isə siz və sizin davamçılarınız doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq”.
Malik Həsənov vurğulayıb ki, Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir: “2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb. Təbii ki, bu, son rəqəm deyil. Bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Bircə faktı qeyd etmək kifayətdir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilin sonunadək 8 şəhərin sakinlərinə qovuşması hədəflənmişdir. Artıq cari ilin əvvəlində bu hədəf reallığa çevrildi. Belə ki, Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı, Ağdam şəhərlərinin sırasına bu ilin 21 yanvar tarixində Xankəndi şəhəri də yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır”.
