YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı: geosiyasi reallıqlar fonunda yeni mərhələ

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan ilə Serbiya arasında son illərdə formalaşan münasibətlər xüsusi diqqət çəkir. İki ölkə arasında əməkdaşlıq klassik diplomatik çərçivəni aşaraq strateji məzmun qazanıb və suverenliyə hörmət, qarşılıqlı fayda, praqmatik yanaşma prinsipləri üzərində qurulub. Bu münasibətlərin siyasi impulsunu isə Prezident İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış səmimi və etibara əsaslanan şəxsi münasibətlər təmin edir.

Fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri bu tərəfdaşlığın həm ideoloji, həm də praktik əsaslarını bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Bakı ilə Belqrad arasında dialoq epizodik deyil, uzunmüddətli strateji baxışa söykənir. Liderlərin təkbətək görüşü, sənədlərin imzalanması mərasimi və Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası münasibətlərin institusional çərçivəsini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin “gələcək üçün açıq-aydın planlarımız var” bəyanatı əməkdaşlığın konkret istiqamətlər üzrə davam etdiriləcəyini təsdiqlədi.

Strateji Şuranın ilk iclası ikitərəfli münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu platforma siyasi dialoqun sistemli şəkildə davam etdirilməsinə, energetika, nəqliyyat, investisiya və digər sahələrdə əlaqələrin koordinasiyasına xidmət edir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsini, suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial mövqelərin qorunmasını əsas prioritetlər kimi müəyyənləşdiriblər. Bu yanaşma göstərir ki, münasibətlər situativ maraqlara deyil, ortaq strateji baxışa əsaslanır.

Enerji əməkdaşlığı Bakı–Belqrad münasibətlərinin aparıcı istiqaməti kimi formalaşıb. Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və ixrac həcmlərinin artırılması barədə razılıq tərəfdaşlığın dərinləşdiyini sübut edir. Qaz-turbin elektrik stansiyasının layihələndirilməsi və tikintisi haqqında imzalanan sənəd isə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qazın elektrik enerjisinə çevrilməsi həm Serbiyanın enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də əlavə iqtisadi imkanlar yaradacaq. Azərbaycanın artan ixrac potensialı və 2032-ci ilə qədər əlavə enerji güclərinin yaradılması planı bu əməkdaşlığın perspektivlərini daha da genişləndirir.

İnvestisiya və iqtisadi əlaqələr də münasibətlərin əsas sütunlarındandır. Azərbaycan Serbiyada enerji və infrastruktur layihələrinə sərmayə yatırmağa hazır olduğunu bəyan edib. İmzalanan sənədlər sırasında qida təhlükəsizliyi, iqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq, media və kommunikasiya, mədəniyyət, idman və tibbi sığorta sahələrini əhatə edən memorandumlar yer alır. Bu sənədlər göstərir ki, tərəfdaşlıq yalnız enerji ilə məhdudlaşmır, çoxşaxəli və uzunmüddətli inkişaf strategiyasına söykənir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə daha geniş geoiqtisadi məkan üçün əhəmiyyət daşıyır. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri kimi çıxış edir, Serbiya isə Avropanın mühüm logistika qovşaqlarından sayılır. Belqrad və Bakı arasında birbaşa uçuşların açılması planı iqtisadi, turizm və humanitar əlaqələrin intensivləşməsinə təkan verəcək. Bu coğrafi sinerji regionlararası inteqrasiyanı gücləndirərək Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır.

Humanitar və ictimai diplomatiya sahəsində paralel inkişaf isə siyasi tərəfdaşlığa sosial dayanıqlıq qazandırır. Mədəniyyət və təhsil sahəsində proqramlar, ictimai təmasların genişlənməsi xalqlar arasında qarşılıqlı anlayışı möhkəmləndirir. Liderlər səviyyəsində formalaşmış səmimi münasibətlər cəmiyyətlərarası əlaqələrlə tamamlanır və tərəfdaşlığın uzunmüddətli xarakter almasını təmin edir. Nəticə etibarilə, suverenliyə sədaqət, strateji etimad və ortaq inkişaf vizyonu Azərbaycan–Serbiya münasibətlərini müasir geosiyasi reallıqlar fonunda dayanıqlı və nümunəvi əməkdaşlıq modelinə çevirir.