YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalətli və davamlı sülh

“Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Serbiya əlaqələrinin bütün istiqamətlər üzrə dinamik inkişafını nümayiş etdirib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycanla Serbiya arasında yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad mühiti mövcuddur: “Səfər zamanı Prezident İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə və təkbətək keçirilən görüşlərdə də iki ölkə arasında əlaqələrin hazırkı durumu, qarşıda duran əsas vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti ilə yanaşı regional və beynəlxalq gündəlikdə duran məsələlər də ətraflı müzakirə edilib. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında formalaşmış siyasi dialoq və qarşılıqlı etimad mühiti münasibətlərin strateji səviyyəyə yüksəlməsinə imkan yaradıb. Bu gün Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədədir və bu amil dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulub. Məhz bu prinsipial mövqe beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək formatında özünü göstərir.

Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında mövcud müqavilə-hüquqi bazanın daha da zənginləşdirilməsinə xidmət edir. İmzalanmış sənədlər iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu razılaşmalar qarşılıqlı fəaliyyət mexanizmlərinin institusional əsaslarını möhkəmləndirir və strateji tərəfdaşlığın davamlı inkişafına möhkəm zəmin yaradır.

Azərbaycan ilə Serbiya arasında enerji sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Görüşlər zamanı Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb.

Qeyd edilib ki, Serbiyanın enerji şaxələndirilməsi siyasətində Azərbaycan qazı mühüm rol oynayır. Perspektivdə enerji tədarükünün artırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər təşəbbüslər müzakirə olunub. Eyni zamanda bərpaolunan enerji mənbələri və “yaşıl enerji” sahəsində təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.

Həmçinin ölkəmizin başçısının səfəri çərçivəsində keçirilən biznes forum və işgüzar görüşlər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu görüşlərdə də konkret investisiya layihələri və tərəfdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sənaye, tikinti, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycanın Serbiyada, eləcə də Serbiyanın Azərbaycanda investisiya fəaliyyəti üçün əlverişli biznes və hüquqi mühitin mövcud olduğu vurğulanıb.

Deputat bildirib ki, Azərbaycanla Serbiya arasında humanitar və mədəni əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir: “Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Bu çərçivədə tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsi, birgə mədəni tədbirlərin təşkili və turizm axınının artırılması məsələləri diqqət mərkəzində olub. Humanitar əməkdaşlıq iki ölkə arasında münasibətlərin sosial-mədəni təməlini daha da gücləndirir.

Həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlığı da bu xüsusda vacib əhəmiyyət kəsb edir. İki ölkə Liderinin görüşü zamanı regional təhlükəsizlik, Balkan və Cənubi Qafqaz regionlarında mövcud vəziyyət, eləcə də qlobal çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Bir daha Azərbaycanla Serbiyanın beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhün tərəfdarı olduqları bəyan edilib. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb ki, bu da tərəfdaşlığın strateji xarakterini bir daha təsdiqləyir.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərinin Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradıb, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin yeni mərhələsinə yol açıb.

Beləliklə, dövlət başçısının Serbiyaya səfəri iki dost və tərəfdaş ölkə arasında münasibətlərin uzunmüddətli perspektivdə daha da genişlənəcəyinə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davamlı və sistemli xarakter alacağına əminlik formalaşdırır”.