Xəbərlər
“Qlobal güc və etibarlı əməkdaşlıq modeli”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Qovlarsarı ərazi partiya təşkilatında “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov müasir dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin nəticəsi olduğunu bildirib. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib, eyni zamanda qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi tanınıb.
G.Bayramov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri zamanı mətbuata verdikləri birgə bəyanatın əhəmiyyətindən də bəhs edib. Bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Vurğulanıb ki, görüş çərçivəsində Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması siyasi, iqtisadi, enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm zəmin yaradır.
Qeyd edilib ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlərin tərəfdarı olub. Prezident İlham Əliyevin bəyanatında da bildirildiyi kimi, ölkəmiz qlobal güclərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelini dəstəkləyir. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursunun və milli maraqlara söykənən diplomatiyasının bariz nümunəsidir.
Daha sonra çıxış edən partiya üzvləri İlqar Alıyev və Ramilə Aslanova bildiriblər ki, hər iki ölkə arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Xartiya” ölkəmizin beynəlxalq nüfuzunun artmasının, regionda yüksələn rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha bir təsdiqidir.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsidir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya isə ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
