Xəbərlər
Rəqəmsallaşma - gələcəyin idarəetmə modeli
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
“Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.” Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı belə bir çağırışı diqqətə çatdırdı ki, rəqəmsal inkişafla bağlı olan məsələlər müzakirə ediləcək, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” gələcəyin idarəetmə və iqtisadi modeli kimi qəbul edilə bilər. Belə ki, cənab İlham Əliyev vurğuladı ki, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir: “Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”.
Bu mühüm məqam da vurğulandı ki, son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir: “Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.
Müasir dünyada dövlətlərin gücü, eyni zamanda, innovasiya potensialı ilə müəyyən olunur. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərilir. Təhsilin millətin gələcəyi kimi dəyərləndirilməsi, hər dövrün çağırışlarına uyğun olaraq islahatların həyata keçirilməsi, Dövlət Proqramlarının qəbulu və uğurlu icrası, gənclərin xarici ölkələrdə təhsili ənənəsinin davam etdirilməsi, elmin, təhsilin və iqtisadiyyatın vəhdətinin yaradılması və sair kimi addımlar Azərbaycanın inkişaf modelinə yeniliklər gətirir. Rəqəmsal inkişaf öz növbəsində kadr hazırlığının prioritetliyini təsdiqləyir. Cənab İlham Əliyev qarşıya bu hədəfləri qoydu ki, təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin müşavirədəki çağırışları Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir.
