Xəbərlər
Rəqəmsallaşma və kibertəhlükəsizlik prioritetləri
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Belə ki, müşavirədəki çıxışında “Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək” söyləyən cənab İlham Əliyev bildirdi ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Prezident İlham Əliyev Azərbaycanın bir çox üstünlükləri olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Onlardan biri coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Daha bir üstünlük neft-qaz, bağlantılar sahəsində böyük təcrübəmizin olmasıdır. Cənab İlham Əliyev vurğuladı ki, çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.
Daha bir üstünlük müsbət investisiya mühitinin olmasıdır. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub. Həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir. Digər üstünlük son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilməsidir. Belə ki, son 20 il ərzində ölkənin generasiya gücü təxminən iki dəfəyə yaxın artaraq bu gün 10 min meqavata çatıb. Son illər ərzində bir çox yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib. Hazırda isə ölkəmizin ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü vardır ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.
Cənab İlham Əliyev ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafına hədəflənən mühüm tapşırıqlarını verdi. Dövlət xidmətləri vahid mərkəzdən, “mygov” üzərindən həyata keçirilməlidir. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin. Cənab İlham Əliyev, həmçinin bu çağırışı etdi ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır: “Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.
Bütün bu məsələlər kadr hazırlığını aktuallaşdırır. Kadr hazırlığı bütün dövrlərdə diqqətdə olan əsas məsələlər sırasındadır. Çünki Azərbaycan daim yeniliyə, təkmilləşməyə, yeni təcrübələrin tətbiqinə xüsusi önəm verir və buna nail olmaq üçün səylər göstərir.
