YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəqəmsal innovasiyalar: yeni texnoloji dövrün prioriteti

Meydanəli Yolçiyev

​YAP Daşkəsən rayon təşkilatının sədri

Dövlətimizin başçısının “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, rəqəmsallaşma artıq ayrıca texnoloji istiqamət deyil, ümumi inkişaf konsepsiyasının mərkəzi elementidir. Müasir dünyada iqtisadi artım tempini müəyyən edən əsas amillərdən biri rəqəmsal transformasiya səviyyəsidir. Süni intellektin, yeni texnologiyaların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi dövlətlərin həm daxili idarəetmə keyfiyyətini, həm də beynəlxalq rəqabət qabiliyyətini formalaşdırır.

Bu baxımdan rəqəmsal arxitekturanın yaradılması təkcə iqtisadi modernləşmə deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. İnformasiya təhlükəsizliyi, kibermüdafiə, kritik infrastrukturun qorunması və rəqəmsal suverenliyin təmin olunması müasir dövlət üçün strateji prioritetlərdir. Azərbaycanın bu istiqamətdə sistemli və planlı addımlar atması uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın təminatına çevriləcəkdir.

Azərbaycan son onilliklər ərzində enerji və nəqliyyat sahəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bu layihələr ölkəni regionun əsas tranzit və enerji mərkəzlərindən birinə çevirib. İndi qarşıda duran vəzifə həmin fiziki infrastrukturun rəqəmsal infrastrukturla inteqrasiyasını təmin etməkdir. Boru kəmərləri və nəqliyyat dəhlizləri boyunca fiber-optik xətlərin çəkilməsi, məlumat ötürmə imkanlarının genişləndirilməsi və data axınlarının təhlükəsizliyinin təmin olunması yeni mərhələnin əsas istiqamətlərindəndir.

Asiya ilə Avropa arasında yerləşən coğrafi mövqe Azərbaycanın data tranziti üçün əlverişli platforma olmasını şərtləndirir. Ölkəmiz regional rəqəmsal qovşaq rolunu gücləndirəcəkdir, bu, həm iqtisadi gəlirlərin artmasına, həm də beynəlxalq əməkdaşlığın dərinləşməsinə səbəb olacaq. Rəqəmsal dəhlizlərin yaradılması enerji dəhlizləri kimi uzunmüddətli strateji əhəmiyyət daşıyır.

Rəqəmsal iqtisadiyyatın əsas tələblərindən biri sabit və böyük həcmdə enerji təminatıdır. Son illərdə generasiya gücünün əhəmiyyətli dərəcədə artırılması və alternativ enerji mənbələrinin istifadəyə verilməsi bu baxımdan mühüm üstünlük yaradır. Data mərkəzləri və süni intellekt platformaları yüksək enerji sərfiyyatı tələb etdiyindən, mövcud ehtiyat güclərin olması strateji imkan kimi dəyərləndirilir. Eyni zamanda “yaşıl enerji” konsepsiyası ilə rəqəmsal inkişafın paralel aparılması Azərbaycanın ekoloji dayanıqlılıq modelini gücləndirəcəkdir. Günəş və külək enerjisinin artan payı data mərkəzlərinin karbon izinin azaldılmasına imkan verir. Bu amil isə ölkəni regionda ekoloji cəhətdən məsuliyyətli rəqəmsal mərkəz kimi təqdim edir. Dövlətimizin başçısı müşavirədəki çıxışında qeyd edib ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik: “Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir”.

Son illərdə formalaşmış sabit makroiqtisadi mühit və hüquqi təminatlar xarici sərmayəçilər üçün cəlbedici platforma yaradıb. Enerji sektorunda uğurlu əməkdaşlıq təcrübəsi göstərir ki, transmilli şirkətlərlə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan model mümkündür. Bu təcrübə indi rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə də tətbiq edilə bilər. Qlobal texnologiya şirkətləri üçün sabit siyasi mühit, güclü enerji təminatı və regional tranzit imkanları əsas qərar meyarlarıdır. Azərbaycanın bu üç istiqamətdə mövcud üstünlükləri rəqəmsal investisiyaların cəlbi baxımından ciddi potensial yaradır. Əsas məsələ institusional mexanizmlərin çevikliyi və layihələrin icra sürətidir.

Rəqəmsal transformasiya yalnız texniki yenilənmə ilə məhdudlaşmır. Bu proses idarəetmə mədəniyyətinin dəyişməsini tələb edir. Dövlət qurumları arasında məlumat mübadiləsinin vahid platforma üzərindən təşkili, elektron xidmətlərin inteqrasiyası və qərarvermə prosesində analitik alətlərin tətbiqi effektivliyi artırır. Nazirlik və qurumlarda rəqəmsallaşmaya məsul şəxslərin müəyyənləşdirilməsi, konkret zaman çərçivəsində fəaliyyət planının hazırlanması və icra mexanizmlərinin monitorinqi sistemli yanaşmanı gücləndirəcək.

Rəqəmsal inkişafın əsas dayağı insan kapitalıdır. Süni intellekt, proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması uzunmüddətli strateji vəzifədir. Ali təhsil müəssisələrində müasir ixtisasların genişləndirilməsi, beynəlxalq təcrübə proqramlarının artırılması və startap ekosisteminin təşviqi innovasiya mühitini gücləndirəcəkdir. Orta təhsil pilləsində informasiya texnologiyalarının daha erkən mərhələdən tədrisi isə gələcək nəsillərin rəqəmsal bacarıqlarının formalaşmasına xidmət edər. Bu faktor yalnız iqtisadi səmərəlilik deyil, həm də cəmiyyətin rəqəmsal mədəniyyətinin yüksəldilməsi deməkdir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin inkişaf modelində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Mövcud enerji və nəqliyyat infrastrukturu, investisiya mühiti və coğrafi üstünlüklər rəqəmsal tərəqqi üçün real baza yaradır. Əsas məsələ bu potensialın vahid strategiya çərçivəsində düzgün istiqamətləndirilməsidir. Sistemli koordinasiya, insan kapitalına sərmayə və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə Azərbaycan regionda rəqəmsal mərkəz rolunu daha da möhkəmləndirəcəkdir. Bu isə gələcək iqtisadi artımın və beynəlxalq rəqabət qabiliyyətinin əsas təminatlarından biri olacaqdır.