YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik fəallıq və çoxtərəfli əməkdaşlıq strategiyası

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri iki ölkə münasibətlərinin inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya göstərdi ki, əlaqələr artıq ənənəvi diplomatik çərçivəni aşaraq sistemli və uzunmüddətli əməkdaşlıq modelinə keçir. Bu səfər siyasi iradənin, qarşılıqlı etimadın və ortaq maraqların konkret mexanizmlər və institusional platformalar vasitəsilə reallaşdırıldığını nümayiş etdirdi.

Prezident İlham Əliyev mətbuata bəyanatında Vaşinqtonda altı ay əvvəl başlanan prosesin məntiqi nəticəsi kimi Xartiyanın imzalanmasını xüsusi vurğuladı. Həmin dövrdə yaradılmış işçi qruplarının intensiv fəaliyyəti strateji gündəliyin əsas istiqamətlərini formalaşdırıb. Dövlət başçısının ABŞ-la strateji tərəfdaşlığı böyük əhəmiyyət kimi dəyərləndirməsi münasibətlərin miqyasını və gələcək perspektivlərini aydın göstərir. Bu əməkdaşlıq təkcə ikitərəfli maraqlara deyil, həm də regional sabitliyə və iqtisadi inteqrasiyaya xidmət edən geniş geosiyasi çərçivəyə malikdir.

Səfər zamanı Cənubi Qafqazda yaranmış yeni reallıqlar da diqqət mərkəzində olub. Ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sənədinin paraflanması və Birgə Bəyannamənin imzalanması regionda uzunmüddətli qarşıdurmanın aradan qaldırılması istiqamətində dönüş nöqtəsi oldu. Artıq aylardır davam edən sabitlik, iqtisadi və humanitar əlaqələrin bərpası əməkdaşlıq mühitinin formalaşdığını göstərir. ABŞ rəhbərliyinin bu prosesə verdiyi dəstək həm Bakıda, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Strateji gündəlikdə mühüm yer tutan nəqliyyat və tranzit layihələri regionun geoiqtisadi əhəmiyyətini artırır. Trans-Xəzər Nəqliyyat Dəhlizi və onun tərkib hissəsi olan TRIPP təşəbbüsü Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı yaratmaqla yanaşı, Asiya ilə Avropanı birləşdirən etibarlı marşrut kimi nəzərdə tutulur. İnfrastrukturun modernləşdirilməsi, logistika şəbəkələrinin genişləndirilməsi və enerji-data xətlərinin inkişafı Cənubi Qafqazı qlobal ticarət xəritəsində mühüm qovşağa çevirir. Bu layihələr həm iqtisadi dinamikanı gücləndirir, həm də sülhün möhkəmlənməsinə real zəmin yaradır.

Enerji sahəsi tərəfdaşlığın əsas dayaqlarından biri olaraq qalır. Azərbaycanın bu gün 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verməsi əməkdaşlığın regional çərçivəni aşdığını göstərir. Xartiyada ənənəvi enerji layihələri ilə yanaşı, elektrik interkonnektorları, təchizat marşrutlarının şaxələndirilməsi və mülki nüvə əməkdaşlığı kimi istiqamətlər də əksini tapıb. Bu yanaşma enerji bazarlarında sabitliyin qorunmasına, eyni zamanda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

İqtisadiyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq isə münasibətlərin yeni keyfiyyət mərhələsini ifadə edir. Süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və innovasiya platformaları üzrə birgə layihələr bilik və texnologiya transferini sürətləndirir. ABŞ-ın aparıcı şirkətləri ilə qurulan tərəfdaşlıq yeni investisiya imkanları yaradır, gənclər üçün perspektivlər açır və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, enerji və tranzit potensialına əlavə olaraq yüksək texnologiyalara əsaslanan yeni inkişaf modelinin formalaşması deməkdir.

Təhlükəsizlik və müdafiə əməkdaşlığı da strateji sənədin mühüm komponentidir. Antiterror fəaliyyəti, kibertəhlükəsizlik, müdafiə sənayesi məhsullarının satışı və humanitar minatəmizləmə sahəsində birgə təşəbbüslər regional və qlobal təhlükəsizliyə xidmət edir. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq missiyalarda iştirakı ölkənin məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirib və bu, ABŞ rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib. Bütün bunlar göstərir ki, imzalanmış Xartiya təsadüfi siyasi addım deyil, planlı və uzunmüddətli strateji kursun ifadəsidir. Azərbaycan–ABŞ münasibətləri artıq daha dərin, çoxşaxəli və dayanıqlı əməkdaşlıq mərhələsinə daxil olaraq regional və qlobal proseslərin mühüm elementinə çevrilməkdədir.